Hindistanda təyyarə qəzası: 5 nəfər ölüb

Hindistanın Maharashtra ştatında baş verən təyyarə qəzası nəticəsində 5 nəfər həyatını itirib. Qəza ştatın Baş nazirinin müavini Acit Pavarın da göyərtəsində olduğu təyyarənin yerə çırpılması ilə nəticələnib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, Learjet 45 tipli təyyarə Pune bölgəsində yerləşən Baramati hava limanına eniş etməyə çalışarkən idarəetmədən çıxaraq qəzaya uğrayıb. Toqquşmanın təsiri ilə təyyarədə yanğın baş verib.
Hadisə nəticəsində 66 yaşlı Acit Pavar, iki pilot, bir mühafizəçi və bir stüardessa həyatını itirib. Hindistan Mülki Aviasiya Baş İdarəsi (DGCA) qəza zamanı sağ qalan olmadığını təsdiqləyib.
Bildirilib ki, Acit Pavar yerli seçki mitinqlərində iştirak etmək məqsədilə səfərdə olub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Mənbə: https://sonxeber.az/386448/hindistanda-teyyare-qezasi-5-nefer-olub



