Azərbaycanda uşaqların sosial şəbəkələrə sərbəst girişinə qadağa qoyulmalıdır – Deputatdan TƏKLİF

“Uşaqlarla bağlı hazırlanan yeni qanun layihəsi bizə çətin vəziyyətdə olan uşaqların gələcəyini mühafizə etməyə yeni imkan verəcek”.
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində uşaq hüquqları sahəsində sistemli, mexanizm və icraedici normativ hüquqi baza yaradılması nəzərdə tutulur:
“Bu günə qədər uşaq hüquqlarına dair qanunvericilik bazasına əlavə və dəyişikliklər edilsə də arzuolunan nəticəni əldə etmək mümkün deyildi. Məhv buna görə də daha uşaqyönümlü, real icra mexanizminə və nəticə əsaslı normativ-hüquqi akta ehtiyac var. Uşaqlarla bağlı yeni qanun layihəsində uşaqların real müdafiəsini və icrasını təmin edir. Bu sənəd beynəlxalq hüquqi öhdəliklərə tam uyğundur, uşaq hüquqları sahəsində sistemli, mexanizm əsaslı və icraedici normativ hüquqi baza yaradacaq”.
Deputat vurğulayıb ki, etiraf etmək lazımdır ki, qüvvədə olan “Uşaq hüquqları haqqında” qanun müasir tələblərlə uzlaşmır:
“Bu səbəbdən də müasir standartlara və sosial reallıqlara uyğun olan, güclü qoruyucu mexanizmləri nəzərdə tutan yeni qanuna ehtiyac var. Uşaqlarla bağlı hazırlanan yeni qanun layihəsi 8 fəsil, 63 maddədən ibarət olmaqla dövlət uşaq siyasətinin 6 məqsədini, dövlətin 9 əsas vəzifəsini, uşaqların mənafelərinin üstünlüyünü təmin edən 11 əsas mexanizmi və 33 uşaq hüquq və azadlığının dövlət təminatını əhatə edir.Qanun layihəsi uşaq hüquqlarının qorunmasında yeni risk sahələrini də nəzərə alır. Xüsusilə ilə də sosial şəbəkələrlə bağlı. Bele ki, qanun layihəsində İnformasiya-kommunikasiya texnologiyalarının geniş yayılması fonunda internet və informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə törədilən təhlükəli əməllər uşaqlara qarşı zorakılıq forması kimi tanınır. Ümumiyyətlə düşünürəm ki, uşaqların sosial şəbəkəyə sərbəst girişinə qadağa qoyulmalıdır. Mən uşaqlarin rahat şəkildə sosial şəbəkələrə görməsini doğru hesab etmirəm. Bu gün bir çox ölkələrdə uşaqların sosial şəbəkələrə girişinə qadağa qoyulub. Hetta onların hansı filmlərə baxması belə qanunla tənzimlənir. Təəssüf ki, bununla ölkəmizdə heç bir tənzimlənmə yoxdur. Hesab edirəm ki yeni qanun layihəsində bu kimi problemlər öz həllini tapacaq”.



