“Minimum əmək haqqının hər il artırılması əhalinin inflyasiya ilə mübarizəsində əsas silahı olacaq” – AÇIQLAMA

Azərbaycanda ildə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq.
Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, minimum əmək haqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
Bəs görəsən minimum əmək haqqına ildə ən azı bir dəfə yenidən baxılması qərarı cəmiyyətin sosial rifahına necə təsir edə bilər?
Sosioloq Mətanət Məmmədova bu barədə Sonxeber.az -a açıqlama verib:
“Azərbaycanda hər il minimum əməkhaqqının artırılması artıq adət halını alıb. Bu, dövlətin vətəndaşına olan diqqət və qayğısını bir daha göstərir. Dövlətimizin qərarları arasında dünya ölkələrində nadir rast gəlinən təşəbbüslərdən biri də məhz minimum əməkhaqqının artırılmasıdır; eyni zamanda bu artım pensiyalara da müsbət təsir göstərir.
Yeni qanun layihəsi ilə minimum əməkhaqqının hər il mütləq artırılması nəzərdə tutulur ki, bu da sosial müdafiənin daha effektiv təminatı deməkdir. Hazırda ölkəmizdə minimum əməkhaqqı 400 manat təşkil edir və bundan sonra onun hər il artırılması əhalinin inflyasiya ilə mübarizəsində əsas silahı olacaq.
Bazarda qiymətlərin sürətlə artdığı bir dövrdə belə bir addımın atılması vətəndaşlar tərəfindən müsbət qarşılanır. Minimum əməkhaqqı ölkədə bütün maaşların bazasını təşkil edir; onun artması isə digər əməkhaqqı ödənişlərinə də təsir edir. Beləliklə, artım yalnız əmək haqqını yüksəltmir, eyni zamanda inflyasiyanın yaratdığı təzyiqi də yüngülləşdirir.
Artımın dəqiq məbləği isə bazar iqtisadiyyatının vəziyyətindən asılı olacaq. 2026-cı ildə minimum əməkhaqqının nə qədər artırılacağı ilin sonunda formalaşacaq inflyasiya sürətinə görə müəyyən ediləcək.”



