Zorakılığa meyilli davranışlar sonradan formalaşır, yoxsa uşaqlıqdan təməli qoyulur? – AÇIQLAMA

Zorakılıq yalnız hüquqi və sosial problem deyil, eyni zamanda dərin psixoloji kökləri olan davranış formasıdır. Cəmiyyətdə tez-tez müzakirə olunan əsas suallardan biri də budur: insan zorakılığa meyilli olaraq doğulur, yoxsa bu davranış sonradan formalaşır?
Bu sualın cavabı zorakılığın qarşısının alınması, erkən müdaxilə və sağlam cəmiyyətin qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bəs görəsən zorakılığa meyilli davranışlar sonradan formalaşır, yoxsa uşaqlıqdan təməli qoyulur?
Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
“Zorakılığa meyilli davranışlar adətən tək bir mərhələdə və ya tək bir səbəbdən formalaşmır. Elmi yanaşmaya görə, bu meylin təməli çox vaxt uşaqlıq dövründə qoyulur, lakin onun açıq şəkildə davranışa çevrilməsi sonrakı həyat mərhələlərində baş verir.
Uşaqlıqda yaşanan emosional laqeydlik, fiziki və ya psixoloji zorakılıq, valideynlər arasında aqressiv münasibətlər, eləcə də təhlükəsiz bağlanmanın formalaşmaması uşağın psixikasında dərin izlər buraxır. Bu cür mühitdə böyüyən uşaq üçün zorakılıq zamanla normal ünsiyyət forması kimi qəbul edilə bilər. Uşaq görərək öyrənir və gördüyünü davranış modelinə çevirir.
Bununla yanaşı, hər zorakılığa meyilli insan mütləq travmatik uşaqlıq keçirmiş şəxs deyil. Yeniyetməlik və yetkinlik dövrlərində uzunmüddətli stress, sosial ədalətsizlik hissi, özünü dəyərsiz və nəzarətsiz hiss etmə, alkoqol və psixoaktiv maddələrin təsiri də zorakı davranışları ortaya çıxara bilər. Bu halda uşaqlıqda qoyulan zəif psixoloji baza sonradan daha asan sarsılır.
Əsas məqam ondan ibarətdir ki, uşaqlıqda formalaşan psixoloji strukturlar gələcək davranışların istiqamətini müəyyən edir, lakin insan taleyi tam olaraq həmin dövrdə yazılmır. Vaxtında psixoloji dəstək, sağlam sosial mühit və düzgün müdaxilə ilə zorakılığa meylli davranışların qarşısını almaq mümkündür.
Bu səbəbdən zorakılıqla mübarizə yalnız cəza mexanizmləri ilə məhdudlaşmamalı, uşaqlıq dövründən başlayaraq ailə, məktəb və cəmiyyət səviyyəsində psixoloji maarifləndirmə gücləndirilməlidir. Problemin kökü nə qədər erkən aşkar olunarsa, onun nəticələri ilə mübarizə bir o qədər effektiv olar”.



