Qlobal güc balansının dəyişməsi fonunda Azərbaycanın milli maraqlara əsaslanan strateji xətti - Admenasi
Sosial

Qlobal güc balansının dəyişməsi fonunda Azərbaycanın milli maraqlara əsaslanan strateji xətti

Prezident İlham Əliyevin 20 yanvar 2026-cı ildə Davos İqtisadi Forumu çərçivəsində “Euronews” televiziya kanalına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişikliklərin dərin təhlili, eyni zamanda Azərbaycanın bu mürəkkəb geosiyasi mühitdə formalaşdırdığı strateji xəttin mahiyyətinin izahı baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərir ki, dünya artıq əvvəlki beynəlxalq hüquq mərkəzli idarəetmə modelindən uzaqlaşaraq, daha çox güc amilinə əsaslanan yeni mərhələyə qədəm qoyub.

Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, beynəlxalq hüquq normaları bu gün dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq və dəyişməz qayda kimi qəbul edilmir. Müxtəlif regionlarda baş verən münaqişələr, selektiv yanaşmalar və ikili standartlar bu reallığı açıq şəkildə təsdiqləyir. Məhz bu səbəbdən Azərbaycan öz strateji məqsədlərini müəyyən edərkən milli maraqları əsas götürmüş, lakin eyni zamanda beynəlxalq hüququn tələblərinə tam riayət etməyi prinsipial xətt kimi qorumuşdur.

Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın həyata keçirdiyi bütün siyasi, diplomatik və hərbi addımlar beynəlxalq hüquq çərçivəsində reallaşdırılıb. Ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpası prosesi, regional təşəbbüslər və xarici siyasət kursu məhz bu hüquqi baza üzərində qurulub. Bu yanaşma Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, dövlətimizin beynəlxalq nüfuzunu da əhəmiyyətli dərəcədə artırıb.
Müsahibədə xüsusi diqqət çəkən məqamlardan biri beynəlxalq münasibətlərin yeni eraya daxil olması barədə fikirlərdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün dünyada münasibətləri artıq “qanunun aliliyi” deyil, “güc qaydası” formalaşdırır. Bu isə hər bir dövlətdən daha çevik, praqmatik və realist siyasət yürütməyi tələb edir. Azərbaycanın bu reallığı vaxtında düzgün dəyərləndirməsi və öz potensialına uyğun siyasət formalaşdırması ölkəmizin mühüm strateji üstünlüklərindən biridir.

Prezident İlham Əliyev bildirdi ki, hər bir ölkə mümkün qədər çox tərəfdaşla, ilk növbədə öz regionunda, daha sonra isə qlobal miqyasda etibarlı münasibətlər qurmalıdır. Azərbaycan məhz bu prinsiplərə əsaslanaraq balanslaşdırılmış və çoxvektorlu xarici siyasət modeli formalaşdırıb. Bu model regional sabitliyin möhkəmləndirilməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və ölkənin beynəlxalq proseslərdə aktiv iştirakına şərait yaradıb.
Nəticə etibarilə, Davosda verilən bu müsahibə Azərbaycanın yeni dünya nizamında öz yerini düzgün müəyyən etdiyini, milli maraqlarını qətiyyətlə müdafiə etdiyini və qlobal çağırışlara adekvat cavab vermək iqtidarında olduğunu bir daha sübut etdi.

Mənbə: https://sonxeber.az/385900/qlobal-guc-balansinin-deyismesi-fonunda-azerbaycanin-milli-maraqlara-esaslanan-strateji-xetti

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button