Ölkədə baş verən bıçaqlanma və zorakılıq hadisələrində cəza mexanizmləri kifayət qədər sərtdirmi? - AÇIQLAMA - Admenasi
Sosial

Ölkədə baş verən bıçaqlanma və zorakılıq hadisələrində cəza mexanizmləri kifayət qədər sərtdirmi? – AÇIQLAMA

Son illər Azərbaycanda bıçaqlanma və digər zorakılıq halları ilə bağlı xəbərlərin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu tip hadisələr təkcə ictimai təhlükəsizlik məsələsi deyil, eyni zamanda cinayət hüququnun preventiv (qarşısınıalan) rolunun nə dərəcədə effektiv olması ilə bağlı suallar yaradır. Əsas müzakirə mövzusu isə budur: mövcud cəza mexanizmləri bu cür ağır əməllərin qarşısını almaq üçün yetərlidirmi?

Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, bıçaqlanma və zorakılıq əməlləri törədilmə formasından, nəticəsindən və təqsirin ağırlıq dərəcəsindən asılı olaraq müxtəlif maddələrlə tövsif edilir.

Əgər bıçaqlanma nəticəsində qəsdən sağlamlığa ağır zərər vurulubsa, Cinayət Məcəlləsinin 126-cı maddəsinə əsasən, təqsirli şəxs 5 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər. Hadisə nəticəsində zərərçəkmişin ölümü baş verdikdə və bu ölüm qəsdən törədilibsə, əməl artıq qəsdən adam öldürmə kimi tövsif olunur və 120-ci maddəyə əsasən 9 ildən 14 ilədək, ağırlaşdırıcı hallarda isə ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Əgər bıçaqlanma qəsdən sağlamlığa az ağır və ya yüngül zərər vurma ilə nəticələnibsə, bu halda müvafiq olaraq 127-ci və 128-ci maddələr tətbiq olunur və azadlıqdan məhrumetmə ilə yanaşı, alternativ cəzalar da mümkündür.

Zorakılıq halları xuliqanlıq niyyəti, ictimai asayişin kobud şəkildə pozulması, bir qrup şəxs tərəfindən törədilmə, yetkinlik yaşına çatmayanlara qarşı, yaxud silah qismində bıçaqdan istifadə ilə müşayiət olunarsa, bu hallar ağırlaşdırıcı hallar hesab edilir və daha sərt cəza tətbiqinə səbəb olur (CM-nin 61-ci maddəsi).

Bu baxımdan, qanunvericilikdə nəzərdə tutulan cəzaların özü kifayət qədər sərtdir və beynəlxalq praktikaya uyğun hesab edilə bilər. Lakin problemin kökü yalnız cəzanın sərtliyində deyil.

Əsas məsələ cəzanın labüdlüyü prinsipinin tam təmin olunmamasıdır. Yəni, cinayət törədən hər bir şəxs istisnasız olaraq vaxtında aşkarlanmalı, məsuliyyətə cəlb edilməli və cəza real şəkildə icra olunmalıdır. Təcrübədə bəzi hallarda istintaqın gecikməsi, sübutların toplanmasında çətinliklər və ya barışıq mexanizmlərindən sui-istifadə cəmiyyətdə “cəzasızlıq” təəssüratı yarada bilər.

Nəticə etibarilə, demək olar ki, Azərbaycan qanunvericiliyində bıçaqlanma və zorakılıq hallarına görə nəzərdə tutulan cəza mexanizmləri formal olaraq kifayət qədər sərtdir. Lakin bu mexanizmlərin effektivliyi hüquq-mühafizə orqanlarının operativ fəaliyyəti, məhkəmə təcrübəsində vahid yanaşma və preventiv tədbirlərin gücləndirilməsi ilə birbaşa bağlıdır. Yalnız cəzanın mövcudluğu deyil, onun qaçılmaz olması zorakılıq hallarının azalmasına real təsir göstərə bilər”.

Mənbə: https://sonxeber.az/385706/olkede-bas-veren-bicaqlanma-ve-zorakiliq-hadiselerinde-ceza-mexanizmleri-kifayet-qeder-sertdirmi-aciqlama

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button