İnsanlar niyə rayondan Bakıya üz tutur? – AÇIQLAMA

Son illər Azərbaycanda daxili miqrasiyanın ən güclü istiqaməti rayonlardan Bakıya doğru gedir. Demək olar ki, hər ailənin ya paytaxtda yaşayan, ya da ora getmək istəyən bir üzvü var.
Bu axın təkcə iqtisadi səbəblərlə izah olunmur. İnsanların Bakıya can atmasının arxasında daha dərin – psixoloji, sosial və kimliklə bağlı motivlər dayanır.
Bəs görəsən insanlar niyə rayondan Bakıya üz tutur?
Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
“İlk və ən əsas səbəb “daha yaxşı həyat” illüziyasıdır. İnsan beyni təhlükəsizlik və inkişaf üçün daha çox imkan olan yerlərə yönəlir. Bakı televiziyada, sosial mediada və ətrafdan eşidilən hekayələrdə “uğurun mərkəzi” kimi təqdim olunur. Bu da rayonda yaşayan insanda belə bir inanc yaradır: “Əgər Bakıya getsəm, həyatım düzələcək.” Beyin konkret reallıqdan çox bu ümidi izləyir.
İkinci səbəb özünü təsdiqləmək ehtiyacıdır. Rayon mühitində sosial rollar daha sərt olur: kimsən, kimin övladısan, nə etməlisən – hamısı əvvəlcədən müəyyənləşdirilib. Bakı isə anonimlik verir. İnsan burada özünü yenidən kəşf edə, kim olduğunu sıfırdan qura bilər. Psixologiyada buna “identitet azadlığı” deyilir. Xüsusilə gənclər bu azadlığa çox ehtiyac duyur.
Üçüncü mühüm faktor sosial müqayisədir. İnsanlar özlərini ətrafındakılarla müqayisə edərək dəyər hissi qazanır. Rayon mühitində perspektiv məhdud olduğu üçün insan “daha artığını edə bilərdim” hissi ilə yaşayır. Bakı isə daha çox karyera, pul və status vədi verir. Hətta bu vəd gerçək olmasa belə, insanı hərəkətə keçirən ümid olur.
Dördüncü səbəb emosional qaçışdır. Bir çox insan Bakıya təkcə iş üçün deyil, ailə təzyiqindən, qohum nəzarətindən, köhnə travmalardan uzaqlaşmaq üçün gəlir. Psixoloji olaraq bu, “mühiti dəyişərək özümü dəyişmək” cəhdidir. İnsan düşünür ki, başqa şəhərdə olsa, daxili problemləri də arxada qalacaq. Amma əslində insan özü ilə öz psixikasını da gətirir.
Beşinci səbəb “böyük şəhər romantikası”dır. Bakı təkcə iş yeri yox, həyat tərzi kimi təqdim olunur: kafelər, işıqlar, azad münasibətlər, imkanlar… Bu obraz insanın beynində xoşbəxtliklə assosiasiya olunur. Halbuki real həyat çox vaxt daha yorucu və streslidir”
Mənbə: https://sonxeber.az/385374/insanlar-niye-rayondan-bakiya-uz-tutur-aciqlama



