Hindistanda 22 nəfərin ölümünə səbəb olan fil üçün həyəcan siqnalı verildi

Hindistanın şərqində yerləşən Jharkhand ştatında sürüsündən ayrıldıqdan sonra kəndlərə hücum edərək 22 nəfərin həyatını itirməsinə səbəb olan tək dişli filin tapılması üçün genişmiqyaslı axtarış əməliyyatı başladılıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətli qurumlar yerli əhaliyə meşəlik ərazilərdən uzaq durmaq, xüsusilə gecə saatlarında evlərindən çıxmamaq barədə xəbərdarlıq edib. Filin hərəkətlərinin izlənməsi üçün xüsusi qruplar yaradılıb, təhlükəsizlik tədbirləri gücləndirilib.
Axtarış işlərinə süni intellekt dəstəklı izləmə sistemləri, termal kameralar və dronlar da cəlb olunub. Mütəxəssislər bu texnologiyalar vasitəsilə filin hərəkət trayektoriyasını əvvəlcədən müəyyənləşdirməyi və mümkün yeni hücumların qarşısını almağı hədəfləyir.
Rəsmilər bildiriblər ki, filin stress və qida çatışmazlığı səbəbilə aqressivləşdiyi ehtimal olunur. Əməliyyat filin zərərsizləşdirilməsi deyil, təhlükəsiz şəkildə nəzarət altına alınaraq yaşayış məntəqələrindən uzaqlaşdırılması məqsədi daşıyır.



