Qrenlandiya köpəkbalıqları qocalmaya meydan oxuyurlar: Rekord uzunömürlülüyün sirri - Admenasi
Maraqli

Qrenlandiya köpəkbalıqları qocalmaya meydan oxuyurlar: Rekord uzunömürlülüyün sirri

Planetin ən uzunömürlü onurğalılarından biri hesab olunan Qrenlandiya köpəkbalıqlarının ürəklərində toxumaların geniş miqyasda çapıqlaşması da daxil olmaqla, açıq-aydın qocalma əlamətləri müşahidə olunur. Lakin maraqlıdır ki, bu yaşa bağlı dəyişikliklər onların sağlamlığına və ya ömür uzunluğuna heç bir mənfi təsir göstərmir. Bu fakt qocalma prosesləri ilə bağlı ənənəvi təsəvvürləri ciddi şəkildə şübhə altına alır.

Oxu.Az bu barədə “New Scientist” nəşrinə istinadən xəbər verir.

Qrenlandiya köpəkbalıqlarının (“Somniosus microcephalus”) ehtimal edilən ömür uzunluğu 250 ildən 500 ilə qədər qiymətləndirilir. Müqayisə üçün qeyd edək ki, bu göstərici təxminən 200 il yaşayan Qrenlandiya balinalarından iki dəfə, 100 ilə qədər ömür sürən Qalapaqos tısbağalarından isə beş dəfə çoxdur.

Alimlər uzunluğu üç metrdən artıq olan və yaşı 100-150 il arasında qiymətləndirilən altı fərdi tədqiq ediblər. Araşdırma zamanı onların ürək toxumalarında yüksək səviyyədə fibroz, eləcə də qocalmanın klassik markerləri sayılan lipofussin (yaş piqmenti) və nitrotirozin aşkar edilib. İnsanlarda bu cür göstəricilər adətən ağır yaşa bağlı xəstəliklərlə əlaqələndirilir və ürək çatışmazlığının xəbərçisi hesab olunur.

Lakin bu maddələrin “kütləvi şəkildə yığılması” Qrenlandiya köpəkbalıqlarına görünən bir zərər vurmur və onların qeyri-adi dərəcədə uzun ömürlərini qısaltmır. Bu müşahidə inqilabi bir fərziyyənin irəli sürülməsinə imkan verir: uzunömürlü növlərin əksəriyyətində olduğu kimi zədələnmələri minimuma endirmək əvəzinə, Qrenlandiya köpəkbalıqları xroniki oksidləşdirici stresə qarşı unikal dözümlülük strategiyaları formalaşdırıblar.

Mənbə: https://sonxeber.az/385275/qrenlandiya-kopekbaliqlari-qocalmaya-meydan-oxuyurlar-rekord-uzunomurluluyun-sirri

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button