Səhər gəzintisi zamanı hücuma məruz qalan vəkil həyatını itirdi

Türkiyədə İnsan Hüquqları Dərnəyinin (İHD) keçmiş İzmir şöbəsinin həmsədri olan vəkil İzmirin Çiğli rayonunda səhər gəzintisi zamanı hücuma məruz qalaraq həyatını itirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Çiğli rayonunun Evka-2 ərazisində, dağlıq sahədə baş verib. Başına daşla zərbə endirilən şəxs ağır xəsarət alaraq yerə yıxılıb. Ətrafdakıların məlumatı əsasında hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Həkimlərin apardığı ilkin baxış zamanı onun vəfat etdiyi müəyyən edilib.
Polis və prokurorluq əməkdaşlarının hadisə yerində apardıqları araşdırmadan sonra mərhumun cənazəsi İzmir Ədli Tibb Qurumu morguna aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlayan polis şübhəlinin M.D.E. olduğunu müəyyən edərək onu saxlayıb. Şübhəli polis bölməsində verdiyi ifadədə cinayəti etiraf edib və hadisəni narkotik və psixotrop maddələrin təsiri altında törətdiyini iddia edib.
Məlumata görə, saxlanılan şəxsin narkotik maddələrlə bağlı əvvəlki cinayət qeydləri mövcuddur. Hazırda onun barəsində istintaq tədbirləri davam etdirilir.
Mənbə: https://sonxeber.az/385277/seher-gezintisi-zamani-hucuma-meruz-qalan-vekil-heyatini-itirdi



