İzləyicilər “Uzak Şehir” in yayımının dayandırılmasını tələb edir

Ozan Akbaba və Sinem Ünsalın baş rollarını paylaşdığı “Uzak Şehir” serialı sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, ekranların populyar layihələrindən olan serial bu dəfə süjetində yer alan mövzulara görə sərt tənqidlərin hədəfinə çevrilib.
Sosial media istifadəçiləri serialda ensest münasibətlərin təqdim edildiyini iddia edərək buna etirazlarını bildiriblər. Bir istifadəçi paylaşımında “Arvadı qardaşına aşiqdir, uşaq əmisinə ‘ata’ deyir, ensest münasibətlər normallaşdırılır, uşaqlar içki masalarında göstərilir” ifadələrindən istifadə edib.
Digər istifadəçilər isə “Bu serialdakı absurdluq insanlara rol model kimi təqdim olunur, bu insanları narahat edir”, “Belə səhnələri olan seriallar RTÜK tərəfindən cəzalandırılmalıdır”, “Azyaşlı uşağı içki süfrəsinə oturtmaq nə deməkdir?” kimi şərhlərlə narazılıqlarını dilə gətiriblər.
Sosial şəbəkələrdə çox sayda istifadəçi serialın cəzalandırılmasını və yayımının dayandırılmasını tələb edib. Hadisə hazırda ictimaiyyət arasında geniş müzakirə mövzusuna çevrilib.
Mənbə: https://sonxeber.az/385241/izleyiciler-uzak-sehir-in-yayiminin-dayandirilmasini-teleb-edir



