"Cəmiyyətimizdə "oğlan ağlamaz", "qız sakit olmalıdır" kimi mesajlar uşağın daxili dünyasını parçalayır" - PSİXOLOQ - Admenasi
Sosial

“Cəmiyyətimizdə “oğlan ağlamaz”, “qız sakit olmalıdır” kimi mesajlar uşağın daxili dünyasını parçalayır” – PSİXOLOQ

Cəmiyyətimizdə oğlan və qız uşaqları çox vaxt fərqli yanaşmalarla tərbiyə olunur. Qız uşaqlarına qarşı daha qoruyucu davranıldığı halda, oğlanlara “kişi ağlamaz”, “oğlan uşağıdır, heç nə olmaz” kimi ifadələrlə böyümək təlqin edilir. Bu cür yanaşmalar uşağın duyğularını ifadə etməsinə, özünü tanımasına və gələcəkdə sağlam münasibətlər qurmasına necə təsir göstərir?

Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.

O, açıqlamasında qeyd edib ki, ümumiyyətlə, düzgün tərbiyə həm də sağlam cəmiyyət deməkdir:

“Əgər tərbiyənin təməli yanlışdırsa, o zaman yalnız fərdlər deyil, bütövlükdə cəmiyyətin və dövlətin sistemi də yanlış formalaşır. Cəmiyyətimizdə “oğlan ağlamaz”, “qız sakit olmalıdır” kimi mesajlar uşağın daxili dünyasını parçalayır. Əvvəla, uşaq doğulanda özünü ilk başda nə oğlan, nə də qız kimi hiss edir; o sadəcə hiss edən bir varlıqdır. Hisslərin toplusu ruh deməkdir. Uşağa hansısa hissini gizlətməyi deyəndə, valideyn onun ruhunu basdırmış olur. Uşaq qorxunu, kədəri, ehtiyacı, azadlığı tanımır. Bu şəkildə empatiya zəifləyir, komplekslər yaranır və ən əsası, daxili gərginlik qəzəbə çevrilir. Bu qəzəb isə adətən şəxsi münasibətlərə yönəlir. Kəlmələr düzgün istifadə olunmalıdır. Misal: “Sakit ol! Ayıbdır! Sən qızsan, sənə olmaz! O oğlandır, ona olar!” kimi sözlər artıq bir qızı uşaqlıqdan itaətkar, öz sərhədlərini qura bilməyən, “yox” deməkdə günahkarlıq hiss edən, təsdiq üçün özünü qurban verən, zərərli münasibətlərə dözən zəif bənd kimi kodlaşdırılan fiqur kimi formalaşdırır. Eləcə də oğlan uşaqlarına əslində deyilməlidir: “Sən ağlaya bilərsən. Qorxa da bilərsən, bu normaldır. Hisslərin səni zəif etmir və sən öz hisslərindən heç vaxt utanma”.

Bir avropalı ilə bir azərbaycanlının emosional reaksiyalarını müqayisə etdikdə maraqlı bir fərq görünür. Avropalı cəmiyyətlərdə insanlar şəxsi münasibətlərdə emosiyalarını daha yaxşı tənzimləyə bildikləri üçün güclü qəzəb və etirazlar əsasən sosial, siyasi və ictimai məsələlərə – dövlətə, hakimiyyətə, sistemə yönəlir. Yəni onların “emosional partlaması” daha çox struktur və ədalətsizliklə bağlı olur.

Azərbaycan cəmiyyətində isə güclü emosional reaksiyalar daha çox şəxsi münasibətlərdə, ailədə, yaxın çevrədə, partnyorla münasibətlərdə ortaya çıxır. Bunun da nəticəsində insanlar ictimai, sosial və dövlət məsələlərində baş verən hadisələrə qarşı passiv qalmış olurlar”.

Mənbə: https://sonxeber.az/385209/cemiyyetimizde-oglan-aglamaz-qiz-sakit-olmalidir-kimi-mesajlar-usagin-daxili-dunyasini-parcalayir-psixoloq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button