Geyim tərzi insanın xarakterini yansıdır? – AÇIQLAMA

İlk baxışda insan haqqında fikir formalaşdırmağımıza səbəb olan ən güclü siqnallardan biri onun geyimidir. Danışmazdan əvvəl gördüyümüz rənglər, üslub, səliqə və ya laqeydlik beynimizdə qarşı tərəflə bağlı müəyyən qənaətlər yaradır. Bəs bu, nə qədər doğrudur? Geyim tərzi həqiqətən də insanın daxili dünyasını və xarakterini əks etdirirmi?
Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
“Psixologiyada geyim “qeyri-verbal ünsiyyətin” ən güclü formalarından biridir. İnsan necə geyinirsə, çox zaman kim olmaq istədiyini də o şəkildə ifadə edir. Bu o demək deyil ki, hər qara geyinən depressivdir, ya da hər klassik geyinən ciddi insandır. Amma ümumi meyllər insanın daxili ehtiyacları və şəxsiyyət xüsusiyyətləri ilə sıx bağlı olur.
Məsələn,özünə güvəni yüksək olan insanlar adətən daha cəsarətli, fərqli və diqqət çəkən geyimlərə meyl edirlər. Onlar görünməkdən qorxmurlar. Daha introvert, yəni içə dönük insanlar isə çox vaxt sadə, rahat və gözə batmayan geyimləri seçirlər. Bu, onların təhlükəsizlik və sakitlik ehtiyacını göstərir.
Rəng seçimi də psixoloji ipucları verir. Tünd rənglər – xüsusilə qara və tünd göy – nəzarət, güc və məsafə saxlamaq istəyi ilə bağlı ola bilər. Açıq və canlı rənglər isə emosional açıqlıq, ünsiyyətə açıqlıq və enerji ilə əlaqələndirilir.
Səliqəli, baxımlı geyim çox vaxt insanın özünə və ətrafına hörmət etdiyini, məsuliyyətli və nəzarətli olduğunu göstərir. Dağınıq və uyğun olmayan geyim isə bəzən daxili qarışıqlıq, motivasiya düşüklüyü və ya özünə qarşı laqeydliklə əlaqəli ola bilər.
Amma burada çox vacib bir məqam var: geyim insanın kim olduğunu deyil, çox vaxt necə görünmək istədiyini göstərir. Yəni bir insan içində qırıq, yorğun və ya narazı ola bilər, amma bunu gizlətmək üçün son dərəcə baxımlı və güclü görünən geyim seçə bilər. Xüsusilə emosional olaraq özünü yetərincə dəyərli hiss etməyən insanlar bunu bəzən zahiri görünüşlə kompensasiya edirlər”.
Mənbə: https://sonxeber.az/385135/geyim-terzi-insanin-xarakterini-yansidir-aciqlama



