Dəhşətli hadisə: ana 4 həftəlik körpəsini mikrodalğalı sobada öldürdü

ABŞ-ın Ohayo ştatında baş verən insanlığa sığmayan hadisədə 25 yaşlı ana, sevgilisi ilə körpənin atası ilə bağlı mübahisədən sonra cəmi dörd həftəlik körpəsini mikrodalğalı sobaya qoyaraq öldürüb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Ohayo ştatının Dayton şəhərində yaşayan China Arnold və sevgilisi Terrell Talley arasında yeni doğulan körpənin atası ilə bağlı yaranan mübahisədən sonra baş verib. Prokurorluğun məlumatına görə, tərəflər arasında ciddi mübahisə yaşanıb.
Həmin günün axşamı Arnold dörd həftəlik qızı Paris-i xəstəxanaya aparsa da, tibb işçiləri körpənin vəziyyətinin normal olmadığını müəyyən ediblər. Körpə qısa müddət sonra dünyasını dəyişib və ilkin müayinələr ölümün təbii səbəbdən olmadığını göstərib. Bu səbəbdən hadisə hüquq-mühafizə orqanlarına bildirilib.
Polisin evdə apardığı baxış zamanı mətbəxdəki mikrodalğalı soba diqqəti cəlb edib. Aparılan ekspertizalar zamanı sobanın içində və üzərində körpəyə məxsus bioloji izlər aşkar olunub. İstintaq müəyyən edib ki, Arnold körpəni sobanın içinə qoyaraq cihazı işə salıb.
Məhkəmə-tibbi ekspertlərin rəyinə görə, körpə iki dəqiqədən artıq müddətdə çox yüksək temperaturda qalıb və bu səbəbdən həyatını itirib.
İstintaq zamanı Arnoldın həbsxanadakı kamera yoldaşı da ifadə verərək bildirib ki, qadın sevgilisinin başqa bir qadınla münasibətinin üzə çıxmasından qorxduğu üçün körpəsini öldürdüyünü etiraf edib.
Toplanan sübutlar, ekspert rəyləri və şahid ifadələri əsasında məhkəmə China Arnoldı şərti azadlıq hüququ olmadan ömürlük həbs cəzasına məhkum edib.
Mənbə: https://sonxeber.az/385095/dehsetli-hadise-ana-4-heftelik-korpesini-mikrodalgali-sobada-oldurdu



