Məzarlığın altından xəzinə fışqırdı! – VİDEO

Türkiyənin Samsun şəhərində Seyyid Kutbiddin qəbiristanlığında aparılan xilasetmə qazıntıları zamanı üzərində “Samsun” yazısı olan məzar kitabəsi və bir sıra tarixi məzar daşları tapılıb. Qazıntılar Selcuqlu və Osmanlı dövrlərinə aid mühüm şəxsiyyətlərin məzarlarını üzə çıxarır.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Samsun Böyükşəhər Bələdiyyəsinin rəhbərliyi və Samsun Muzey İdarəsinin əməkdaşlığı ilə İlkadım rayonunda yerləşən Şeyx Seyyid Kutbiddin məscidi və türbəsinin daxil olduğu qədim qəbiristanlıq ərazisində mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə xilasetmə qazıntıları və ətraf mühitin abadlaşdırılması işlərinə başlanılıb.
Aparılan işlər nəticəsində indiyədək üzərində “Samsun” yazısı olan bir məzar kitabəsi, yeni bir tarixi məzar, eləcə də Gebilizadə Mustafa Necip Əfəndi və Anadolu Müfəttişi Rza Əfəndinin həyat yoldaşı Fehime xanımın adlarının yazıldığı məzar baş daşları aşkar olunub.
Samsun Böyükşəhər Bələdiyyəsinin Səhiyyə və Sosial Xidmətlər İdarəsinin rəhbəri Eyüp Çakır bildirib ki, bu ərazidə Selcuqluların son dövrü və Osmanlıların ilk dövrünə aid mühüm şəxsiyyətlər dəfn olunub. Onun sözlərinə görə, tapılan üzərində “Samsun” yazısı olan məzar daşı xüsusilə qiymətlidir və şəhərin tarixi baxımından böyük əhəmiyyət daşıyır.
Seyyid Kutbiddin məscidi və türbəsi Kökçüoğlu məhəlləsində yerləşən qəbiristanlıq sahəsində yerləşir. Rəvayətlərə görə, Abdulkadir Geylaninin nəvəsi olan Seyyid Kutbiddin 1853-cü ildə rus donanmasının Sinopa hücumu zamanı Samsunun müdafiəsində mühüm mənəvi rol oynayıb.
Bir mərtəbəli, kərpicdən tikilmiş məscid Marsilya kirəmitli damı ilə diqqət çəkir. Məscidin şimal və şərq tərəfində “L” formasında tağlı taxta son namazgah mövcuddur. Cənub hissəsində yerləşən türbədə hicri 1404-cü ilə aid ərəb dilində kitabə var.
Samsunun ən qədim qəbiristanlıqlarından biri olan bu ərazi Selcuqlu və Osmanlı dövrlərinə aid məzar daşları və tarixi tikililəri ilə bu günə qədər öz tarixi simasını qoruyub saxlayır.
Video ucun menbeyey baxin: https://sonxeber.az/385092/mezarligin-altindan-xezine-fisqirdi-video
Mənbə: https://sonxeber.az/385092/mezarligin-altindan-xezine-fisqirdi-video



