17 yaşlı qız başından vurulmuş halda zibil qutusundan tapılıb

Türkiyənin Hatay vilayətinin Samandağ rayonunda 17 yaşlı qız konteynerdə başından güllə yarası almış halda ağır vəziyyətdə tapılıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Samandağ rayonunun Mağaracıq məhəlləsində yerləşən bir konteynerdən silah səsi eşidən sakinlər dərhal polisə məlumat veriblər. Hadisə yerinə cəlb olunan polis və təcili tibbi yardım briqadaları konteynerdə E.M. adlı yeniyetməni başından silahla vurulmuş vəziyyətdə aşkar ediblər.
Ağır yaralanan E.M. təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu və həyatının təhlükədə qaldığını bildiriblər.
Hadisə ilə əlaqədar adları açıqlanmayan iki nəfər polis tərəfindən saxlanılıb.
Faktla bağlı istintaq çoxşaxəli şəkildə davam etdirilir.
Mənbə: https://sonxeber.az/384767/17-yasli-qiz-basindan-vurulmus-halda-zibil-qutusundan-tapilib



