İnanılmaz hadisə: qarın ağrısı şikayəti ilə xəstəxanaya getdi, hamilə olduğunu öyrənib doğuş etdi

ABŞ-ın İllinoys ştatında baş verən qeyri-adi hadisə hər kəsi təəccübləndirib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 28 yaşlı Melanie Smith Milad gecəsi güclü qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Aparılan müayinələr zamanı gənc qadının hamilə olduğu üzə çıxıb.
Həkimlərin bu açıqlaması Smith üçün əsl şok olub. O, hamiləliklə bağlı heç bir əlamət hiss etmədiyini, hətta qarnının belə böyümədiyini bildirib. Jurnalistlərə açıqlamasında Melanie Smith yaşadıqlarını belə təsvir edib:
“Yuxu gördüyümü sandım. Hər an oyanacağımı düşünürdüm. Mənə yalan dediklərini zənn etdim. Milad zarafatı olmalı idi. Çünki mənə heç vaxt uşağımın olmayacağını demişdilər.”
Doğuş üçün başqa bir xəstəxanaya köçürülən qadın 3,6 kiloqram çəkidə sağlam oğlan uşağı dünyaya gətirib. Smith bildirib ki, həyat yoldaşı bu hadisəni “Milad möcüzəsi” adlandırıb:
“Sürprizlərdən həqiqətən nifrət edən biri üçün bu, həyatımın ən gözəl sürprizi idi.”
Hadisə ABŞ mediasında da geniş rezonans doğurub və “gizli hamiləlik” kimi nadir hallara diqqəti bir daha cəlb edib.



