Süni intellektlə hazırlanan nikah nitqinə görə evlilik etibarsız sayıldı

Hollandiyada bir məhkəmə, nikah məmurunun süni intellekt vasitəsilə hazırladığı nikah çıxışında qanunla tələb olunan məcburi bəyanatlara yer verilmədiyi üçün bir evliliyi etibarsız hesab edib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Zwolle Məhkəməsinin yanvarın 6-da açıqlanan qərarında bildirilir ki, 19 aprel 2025-ci ildə Zwolle şəhərində keçirilən nikah mərasimində bir günlük vəzifə ilə təyin olunmuş nikah məmuru çıxışını süni intellektin köməyi ilə hazırlayıb. Qərarda qeyd olunur ki, cütlüyün tanışı olan və nikahı kəsmək üçün təyin edilən məmur, mərasimin “daha səmimi” keçməsi məqsədilə cütlüyün xahişi ilə nitqi süni intellektə hazırladıb. Lakin mərasim zamanı səsləndirilən bəyanatların qanunvericilikdə nəzərdə tutulan zəruri tələbləri əhatə etmədiyi qənaətinə gəlinib.
Məhkəmə qərarında, mərasimdə Zwolle Bələdiyyəsinin rəsmi nikah məmurunun da iştirak etdiyi, lakin prosesə heç bir müdaxilə etmədiyi vurğulanıb.
Qərarda həmçinin bildirilir ki, cütlük avqustun 20-də məhkəməyə təqdim etdiyi ərizədə baş verən səhvin onların məsuliyyəti olmadığını, nikahın qaydalara uyğun şəkildə bağlandığını düşündüklərini bildirərək evliliklərinin etibarlı sayılmasını tələb edib. İşdə iştirak edən Zwolle Bələdiyyəsinin nikah məmurunun isə prokurorluğun mövqeyini dəstəklədiyi qeyd olunub. Məhkəmə isə qərarında “Məhkəmə evlilik tarixinin cütlük üçün əhəmiyyətini anlayır, lakin qanunda nəzərdə tutulan tələblərdən kənara çıxa bilməz” ifadəsinə yer verib.
Məhkəmə qərarına əsasən, Hollanda Mülki Məcəlləsinin 1/67-ci maddəsinə görə, evlənən şəxslər nikah məmuru və şahidlər qarşısında bir-birlərini həyat yoldaşı kimi qəbul etdiklərini və evlilik statusunun yüklədiyi bütün öhdəlikləri sədaqətlə yerinə yetirəcəklərini açıq şəkildə bəyan etməlidirlər. Bu tələbin yerinə yetirilməməsi isə nikahın hüquqi baxımdan etibarsız sayılmasına səbəb olub.
Mənbə: https://sonxeber.az/384760/suni-intellektle-hazirlanan-nikah-nitqine-gore-evlilik-etibarsiz-sayildi



