Brüssel Qrenlandiya məsələsini Arktika təhlükəsizliyi kontekstində müzakirə edir

Avropa İttifaqı (Aİ) Brüsseldə Qrenlandiya məsələsini Arktikanın təhlükəsizliyi çərçivəsində nəzərdən keçirir. Bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidmətinin rəsmi nümayəndəsi Anitta Hipper bildirib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Hipper Arktikanı Avropa üçün əsas prioritetlərdən biri adlandıraraq qeyd edib ki, Avropa bu məsələdə Danimarka və Qrenlandiya ilə tam həmrəydir.
Yanvarın 4-də ABŞ Prezidenti Donald Tramp The Atlantic jurnalına verdiyi müsahibədə Qrenlandiyanın ABŞ üçün “tamamilə zəruri” olduğunu vurğulayıb. Bunun ardından Danimarkanın Baş naziri Mette Frederiksen ölkənin ələ keçirilməsi ilə bağlı müzakirələrin mənasız olduğunu açıqlayıb və “tarixən yaxın müttəfiqə” qarşı səsləndirilən təhdidlərin dayandırılmasını tələb edib.
Daha əvvəl Polşanın Baş naziri Donald Tusk da Qrenlandiya məsələsində bütün Avropanın Danimarkanı dəstəkləyəcəyini bildirib. Onun sözlərinə görə, ABŞ-nin mövqeyi NATO-nun mövcudluğunun mahiyyətini sual altına qoyur.
Qeyd edək ki, Qrenlandiya məsələsi Avropa və ABŞ arasında geosiyasi maraqların yenidən gündəmə gəlməsinə səbəb olub və Arktikada təhlükəsizlik məsələlərinin diqqət mərkəzində olduğunu göstərir.



