İnsanlar niyə problemlərini gizlətməyə üstünlük verirlər? - AÇIQLAMA - Admenasi
Sosial

İnsanlar niyə problemlərini gizlətməyə üstünlük verirlər? – AÇIQLAMA

Müasir dövrdə stress, narahatlıq, depressiya və emosional tükənmə kimi psixoloji problemlər geniş yayılsa da, bir çox insan bu çətinlikləri açıq şəkildə dilə gətirməkdən çəkinir. Bəs insanlar niyə psixoloji problemlərini gizlətməyə üstünlük verirlər?

Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:

“Psixoloji problemlərin gizlədilməsinin əsas səbəblərindən biri cəmiyyətdə hələ də mövcud olan damğalanma qorxusudur. Bir çox insan psixoloji çətinlik yaşadığını etiraf etdikdə “zəif”, “iradəsiz” və ya “problemli” kimi qiymətləndiriləcəyindən narahat olur. Xüsusilə bizim cəmiyyətdə psixoloji yardım almaq uzun illər yanlış anlaşılmış, hətta ayıb hesab edilmişdir.

Digər mühüm səbəb emosiyaların inkarı və bastırılmasıdır. İnsanlar çox zaman öz hisslərini qəbul etməkdə çətinlik çəkir, “keçər”, “özüm öhdəsindən gələrəm” düşüncəsi ilə problemləri görməzlikdən gəlirlər. Bu isə problemin daha da dərinləşməsinə səbəb olur.

Güvən problemi də önəmli faktorlardandır. Bir çox insan ətrafındakıların onu anlayacağına, dinləyəcəyinə və dəstək olacağına inanmır. “Danışsam, məni mühakimə edərlər” qorxusu psixoloji vəziyyəti gizlətməyə vadar edir.

Bundan əlavə, güclü görünmək məcburiyyəti də insanları susmağa sövq edir. Xüsusilə ailə başçısı olan şəxslər, qadınlar və ya sosial məsuliyyət daşıyan insanlar emosional çöküş yaşadıqlarını etiraf etməyi özlərinə yaraşdırmırlar. Onlar güclü görünməyin hər şeyin öhdəsindən gəlmək demək olduğunu düşünürlər.

Psixoloq olaraq vurğulamaq istərdim ki, psixoloji problem yaşamaq zəiflik deyil, insan olmağın təbii bir hissəsidir. Problemi gizlətmək yox, onu vaxtında qəbul edib yardım almaq həm psixi sağlamlıq, həm də həyat keyfiyyəti baxımından vacibdir”.

Mənbə: https://sonxeber.az/384562/insanlar-niye-problemlerini-gizletmeye-ustunluk-verirler-aciqlama

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button