Qida dəyəri olmayan maddələri yemək istəyi hansı səbəblərdən yaranır? – AÇIQLAMA

Son dövrlər bəzi insanlarda gil, təbaşir, torpaq, kömür və hətta sabun kimi qida olmayan maddələri yemək istəyi müşahidə olunur. Mütəxəssislər bu halı “pika sindromu” adlandırır. Bəs, pika sindromu hansı faktorlarla əlaqələndirilir? bu cür qida olmayan maddələrə qarşı istəyi formalaşdıran əsas amillər nələrdir?
Mövzu ilə bağlı Sonxeber.az-a Tibb üzrə fəlsəfə doktoru Ramin Qasımov danışıb.
O, açıqlamasında qeyd edib ki, pika sindromu qida dəyəri olmayan maddələrin – məsələn, təbaşir, gil, torpaq, sabun, saç, kömür, metal və kağız kimi şeylərin yeyilməsi ilə xarakterizə olunan yemə pozuntusudur:
“Bu vəziyyət daha çox uşaqlarda müşahidə edilsə də, bəzi hallarda böyüklərdə də rast gəlinir. Mütəxəssislərin fikrincə, pika sindromunun yaranmasına sosial, mədəni, iqtisadi, psixoloji və ailə faktorları təsir göstərə bilər.
1. Qidalanma çatışmazlığı
Orqanizmin ehtiyac duyduğu karbohidrat, yağ, zülal, mineral (sink, dəmir, mis) və vitaminlərin, xüsusilə B1 və B6 vitaminlərinin kifayət qədər qəbul edilməməsi nəticəsində qida dəyəri olmayan maddələrə qarşı istək yarana bilər. Süd, yumurta, ət, balıq və pendir kimi qidaların yetərsiz qəbulu bu çatışmazlığa səbəb ola bilər.
2. Yanlış pəhriz proqramları
Qidalanmada balansın qorunmaması və düzgün planlaşdırılmayan diet proqramları orqanizmdə müxtəlif problemlərə səbəb olur və pika sindromunun yaranma riskini artırır.
3. Psixoloji səbəblər
Bəzi psixiatrik xəstəliklər insanın yemə davranışına təsir edir. Şizofreniya, obsessiv-kompulsiv pozuntu və depressiya kimi xəstəliklərdə yemə pozuntuları müşahidə oluna bilər. Eyni zamanda anoreksiya və bulimiya kimi yemə pozuntuları da pika sindromunun yaranmasına zəmin yarada bilər.
4. Hamiləlik və əmizdirmə dövrü
Qadınlarda hamiləlik və əmizdirmə dövründə qida istəkləri dəyişə bilər. Bu dövrdə dəmir çatışmazlığı və hemoqlobin səviyyəsinin aşağı düşməsi bəzi qeyri-adi qida istəklərinə səbəb ola bilər.
5. Uşaqlıq dövrü vərdişləri
Uşaqlar iməkləmə və diş çıxarma dövründə əllərinə keçən müxtəlif əşyaları ağızlarına aparmağa meylli olurlar. Əgər bu davranış yaş artdıqca davam edərsə, pika sindromunun formalaşmasına səbəb ola bilər.
6. Mədəni faktorlar
Bəzi xalqlarda torpaq və ya gil yemək kimi vərdişlər mədəni ənənə kimi qəbul edilir. Bu cür vərdişlərin davamlı olması pika sindromunun yaranmasına gətirib çıxara bilər.
7. Bəzi xəstəliklər
Vitamin və mineral çatışmazlığı immun sistemini zəiflədir və müxtəlif xəstəliklərin yaranmasına şərait yaradır. Məsələn, böyrək xəstəlikləri zamanı dəmir, sink və kalsium kimi mineralların orqanizm tərəfindən mənimsənilməsi çətinləşir və bu da pika sindromuna səbəb ola bilər.
Pika sindromu yemə pozuntuları qrupuna daxil olan psixiatrik xəstəlikdir. Müalicənin ilk mərhələsi bu vəziyyətin xəstəlik kimi qəbul edilməsidir. Daha sonra problemin yaranmasına səbəb olan faktorlar araşdırılır və müalicə planı buna uyğun qurulur.
Mütəxəssislərin – həkim, dietoloq və psixiatrın birgə iştirakı ilə xəstəyə uyğun qidalanma proqramı hazırlanır. Bundan əlavə, psixoloji dəstək və ailənin köməyi müalicə prosesində mühüm rol oynayır”.
Vüsalə İbrahimli



