Hansı hallarda işəgötürən əməkdaşını qanuni şəkildə işdən çıxara bilər? – AÇIQLAMA

Əmək münasibətləri həm işçi, həm də işəgötürən üçün hüquqi çərçivələrlə tənzimlənir. Bəzən əmək müqaviləsinin ləğvi qaçılmaz olur, lakin bu proses yalnız qanunla müəyyən edilmiş əsaslar olduqda mümkündür.
Əks halda işdən çıxarma qanunsuz hesab edilə və məhkəmə qaydasında ləğv oluna bilər.
Bəs görəsən hansı hallarda işəgötürən əməkdaşını qanuni şəkildə işdən çıxara bilər?
Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:
“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işəgötürən əmək müqaviləsini yalnız qanunda açıq şəkildə göstərilən hallarda ləğv edə bilər. Bu əsaslar əsasən aşağıdakılardır:
Birincisi, müəssisənin ləğvi və ya işçilərin ixtisarı. Əgər ştat vahidi ləğv edilirsə və ya iş yerində struktur dəyişikliyi aparılırsa, işəgötürən ixtisar yolu ilə müqaviləyə xitam verə bilər. Bu zaman işçiyə əvvəlcədən rəsmi xəbərdarlıq edilməli və qanunla nəzərdə tutulan kompensasiya ödənilməlidir.
İkincisi, işçinin peşə yararsızlığı. Əgər işçi tutduğu vəzifəyə sağlamlıq vəziyyətinə və ya peşə bacarığına görə uyğun deyilsə və bu, rəsmi tibbi rəy və ya attestasiyanın nəticəsi ilə təsdiqlənirsə, müqaviləyə xitam verilə bilər.
Üçüncüsü, əmək funksiyasının kobud şəkildə pozulması. Buraya iş yerinə səbəbsiz gəlməmək, sərxoş vəziyyətdə işə gəlmək, iş yerində oğurluq və ya digər ciddi intizam pozuntuları daxildir. Lakin hər bir hal sənədləşdirilməli və prosedur qaydalarına əməl olunmalıdır.
Dördüncüsü, sınaq müddətinin nəticələrinin qənaətbəxş olmaması. Əgər əmək müqaviləsində sınaq müddəti nəzərdə tutulubsa və işçi bu müddətdə özünü doğrultmayıbsa, işəgötürən müqaviləni ləğv edə bilər.
Beşincisi, əmək müqaviləsinin müddətinin başa çatması. Müddətli müqavilələrdə tərəflərdən biri davam etdirmək istəmədikdə, müqavilə bitmiş sayılır.
Qeyd edilməlidir ki, hamilə qadınların, azyaşlı uşağı olan qadınların və müəyyən sosial həssas qrupların işdən çıxarılması ilə bağlı qanun əlavə təminatlar nəzərdə tutur. Bu kateqoriyadan olan şəxslərin işdən azad edilməsi yalnız xüsusi hallarda mümkündür”
Əgər işçi hesab edirsə ki, işdən çıxarılma qanunsuzdur, o, bir ay müddətində məhkəməyə müraciət edərək işə bərpa və məcburi işburaxma dövrü üçün əməkhaqqının ödənilməsini tələb edə bilər.
Əmək münasibətlərində əsas prinsip budur: işdən çıxarma subyektiv qərar deyil, hüquqi əsas və prosedur tələb edən prosesdir. Qanuni əsas olmadan verilən hər bir qərar hüquqi məsuliyyət yarada bilər.



