Bu ölkədə milyonlarla insan qaranlıqda qaldı

Kubada ölkənin böyük hissəsini əhatə edən genişmiqyaslı elektrik kəsintisi baş verib. Daha əvvəl oxşar vəziyyətin yaşandığı İraqdan sonra bu dəfə Kubada enerji sistemində yaranan problem milyonlarla insanın qaranlıqda qalmasına səbəb olub.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, elektrik kəsintisi xüsusilə paytaxt Havana başda olmaqla bir çox şəhərdə gündəlik həyatı iflic edib. Küçələr, yaşayış binaları və müəssisələrdə elektrik enerjisinin kəsilməsi səbəbindən milyonlarla sakin bir müddət qaranlıq şəraitdə qalmalı olub.
Səlahiyyətli qurumlar bildiriblər ki, nasazlığın aradan qaldırılması və enerji təchizatının bərpası istiqamətində işlər davam etdirilir. Hazırda texniki qruplar elektrik şəbəkəsində yaranan problemin səbəblərini araşdırır və sistemin mərhələli şəkildə bərpası üçün tədbirlər görür.
Hadisə ölkədə enerji infrastrukturunun vəziyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Mənbə: https://sonxeber.az/389432/bu-olkede-milyonlarla-insan-qaranliqda-qaldi



