“Gənc ailələr maliyyə planlamasını diqqətlə qurmalıdırlar” – AÇIQLAMA

Müşahidələr göstərir ki, ailədaxili maliyyə problemləri təkcə maddi çətinliklərlə məhdudlaşmır, eyni zamanda münasibətlərdə gərginlik yaradır və bəzi hallarda boşanmalara da səbəb olur. Bəs, maliyyə çətinlikləri ailədaxili münasibətlərə və tərəflərin psixoloji durumuna necə təsir edir? Ailələr maddi gərginlik fonunda emosional balansı qorumaq və sağlam ünsiyyət mühiti yaratmaq üçün hansı davranış modellərini formalaşdırmalıdırlar?
Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.
O, açıqlamasında qeyd edib ki, maliyyə problemləri ailədaxili münasibətlərə birbaşa təsir göstərir və emosional balansı pozur:
“Bu gün orta komfortlu həyat – yəni rahat, əsas ehtiyacları təmin olunmuş, lakin lüks səviyyədə olmayan həyat tərzi – həm Azərbaycanda, həm də bir çox ölkələrdə maliyyə baxımından kifayət qədər bahalıdır. Qida, kommunal xidmətlər, nəqliyyat, səhiyyə və təhsil kimi əsas ehtiyaclar hər il bahalaşır. Heç olmasa orta səviyyədə yaşamaq üçün aylıq gəlir təkcə “sağ qalmaq” üçün deyil, həm də ruhən yaşamaq üçün balanslı büdcə tələb edir.
Təbii ki, çətin maddi vəziyyət ailədaxili münasibətlərə və psixoloji duruma təsir edir. Ailədə sağlam münasibətin saxlanılması üçün cütlüklər açıq ünsiyyətə, səmimiyyətə, büdcənin birgə planlaşdırılmasına, birgə çalışmağa və stressi birlikdə idarə etmək bacarığına sahib olmalıdırlar. Həyat bunu tələb edir.
Gərgin anlarda emosional reaksiya deyil, məntiqi düşüncə vacibdir. Bir-birinə qarşı günahlandırıcı yanaşma əvəzinə, “Biz çətinliyi necə həll edə bilərik?” sualını vermək daha faydalıdır. Gənc ailələr maliyyə planlamasını diqqətlə qurmalıdırlar. Ailə terapiyası, birlikdə idman və meditasiya da faydalı ola bilər”.
Mənbə: https://sonxeber.az/389393/genc-aileler-maliyye-planlamasini-diqqetle-qurmalidirlar-aciqlama



