Həcc kvotasının dolmamasının səbəbləri müəyyənləşdirildi

Hər il Həcc ziyarəti ilə bağlı nəzərdə tutulmuş kvota tamamlanmayıb. Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsi tərəfindən verilən məlumata əsasən, bu günə qədər Həcc ziyarəti üzrə kvotanın yalnız 83 faizi tamamlanıb. Şöbənin müdiri müddətindən sonra bir daha müddətin uzadılmayacağını bildirib.
Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli “Qaynarinfo”-ya açıqlamasında bildirdi ki, Həcc ziyarəti üçün ayrılan kvotanın indiyədək dolmamasını bir neçə faktorla izah oluna bilər:
“Bu səbəblərə ilk növbədə ziyarətin maliyyə tərəfini göstərmək olar. Qiymətlərin yüksək olduğu Həcc ziyarəti ilə bağlı insanlarda tərəddüdlər yaradır. Həccə getmək maddi imkanı olan şəxslər üçün vacib buyurulan ibadətdir. Bu baxımdan, ölkədə yaşayan əksər müsəlmanların maliyyə imkanları Həcc ziyarətinə getmək üçün yetərli deyil”.
Rəsul Mirhəşimli hesab edir ki, sosial problemlər və regionda baş verən münaqişələr də insanların qərar qəbul etməsində tərəddüd yaradır:
“Hətta uzunmüddətli planlaşdırılmış səfərlər belə, siyasi və təhlükəsizlik qeyri-müəyyənliyi fonunda ləngiyir. İnsanlar həm öz təhlükəsizliklərini, həm də ziyarət zamanı qarşılaşa biləcəkləri çətinlikləri nəzərə alırlar. Bir çox müsəlmanlar Həcc ziyarətini yerinə yetirmək istəsə də, maliyyə şəraiti buna imkan vermir. İnsanlar həmçinin gələcəkdə daha ciddi sosial problemlərin ortaya çıxma ehtimalını nəzərə alaraq qərarlarını daha ehtiyatlı verirlər”.
Rəsul Mirhəşimlinin fikrinə görə, təhlükəsizlik və rahatlıq məsələləri insanların prioritetlərində üstünlük təşkil edir:
“Nəticə etibarilə Həcc kvotasının dolmaması yalnız qiymət məsələsi ilə bağlı deyil. Bu, həm sosial vəziyyətin pisləşməsi, həm gələcəyə inamın zəifləməsi, həm də regiondakı siyasi və təhlükəsizlik qeyri-müəyyənliyi ilə bağlıdır”.
Mənbə: https://sonxeber.az/389257/hecc-kvotasinin-dolmamasinin-sebebleri-aciqlandi



