Xaricdəki prestijli ali məktəbə qəbul olmaq üçün – maddi imkanlar və ya bilik və əzmkarlıq? – AÇIQLAMA

Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Şükürova dünyanın nüfuzlu ali təhsil ocaqlarından biri olan NYU Şanxay universitetinə tam təqaüdlə qəbul alan ilk azərbaycanlı şagird kimi tarixə düşüb. Onun qazandığı təqaüdün illik məbləği 82 min ABŞ dollarıdır.
Məlumata sosial şəbəkələrdə yayıldıqdan sonra geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər hesab edirlər ki, bu səviyyədə uğurun arxasında əsasən valideynlərin maddi imkanı dayanır. Digərləri isə bunun əksini hesab edirlər: nüfuzlu universitetə qəbul olmaq üçün şagirdin savadı, zəhməti və məqsədyönlü çalışması daha vacibdir.
Bəs görəsən xaricdəki prestijli ali məktəbə qəbul olmaq üçün əsas şərt maddi imkanlardır, yoxsa bilik və əzmkarlıq?
Təhsil eksperti Şəmsi Qoca bu barədə Sonxeber.az-a açıqlama verib:
“Nilufər Şükürovanın bu möhtəşəm uğuru sadəcə fərdi bir nailiyyət deyil, eyni zamanda cəmiyyətdə kök salmış bəzi bədbin stereotiplərə qarşı verilmiş ən gözəl cavabdır. Pirəkəşkül kənd məktəbindən dünyanın ən nüfuzlu elm ocaqlarından biri olan NYU Şanxay universitetinə uzanan bu yol, əslində zəkanın və iradənin heç bir sərhəd tanımadığını sübut edir. Bir gəncin 82 000 dollar məbləğində tam təqaüd alması o deməkdir ki, dünya nəhəngləri onun potensialını hər hansı maddi imkandan qat-qat üstün tutur.
Lakin etiraf etmək lazımdır ki, cəmiyyətdə bu cür bədbin stereotipləri və ümidsizliyi körükləyən əsas amil Elm və Təhsil Nazirliyinin yarıtmaz fəaliyyəti, təhsil sistemində apardığı uğursuz eksperimentlərdir. Belə bir mühitdə Nilufərin uğuru nazirliyin yaratdığı süni maneələrə və keyfiyyətsiz təhsil siyasətinə rəğmən qazanılmış fərdi bir qəhrəmanlıqdır. Maddi imkanın hər şeyi həll edəcəyi düşüncəsini insanların beyninə yeridən məhz dövlət məktəblərindəki boşluqlar və təhsil idarəçiliyindəki qüsurlardır. Nazirliyin fəaliyyətindəki bu axsamalar fonunda bir kənd uşağının dünya səviyyəsinə yüksəlməsi, mövcud sistemin deyil, şagirdin şəxsi zəkasının və ailəsinin fədakarlığının mütləq qələbəsidir.
Bu uğur həm də onu nümayiş etdirir ki, müasir informasiya dövründə paytaxtın ən bahalı liseyi ilə ucqar bir kənd məktəbi arasındakı divarlar uçub dağılıb. Əsas olan imkanların genişliyi deyil, hədəfin böyüklüyü və o hədəfə doğru yorulmadan addımlamaqdır. Nilufər Şükürova öz savadı ilə sübut etdi ki, əgər bir gəncin parlaq zəkası və sarsılamayacaq qədrin çalışqanlığı varsa, nazirliyin yaratdığı bürokratik və keyfiyyət çətinliklərinə baxmayaraq, dünyanın ən zəngin fondları belə birinin təhsili üçün ödəniş etməyə hazır olacaq. Bu da həm maddi imkan, həm də hər hansı yarıtmaz idarəçilik üzərindəki mütləq qələbəsidir”.


