Ev heyvanları xərçənglə mübarizədə kömək edir

Məlum olub ki, pişiklərdə rast gəlinən xərçənglə insan onkologiyası arasında ortaq mexanizmlər var.
Lent.az xəbər verir ki, ev pişikləri insanlarda xərçəngin müalicəsi üçün yeni üsulların tapılmasında mühüm rol oynaya bilər. Çünki pişiklərdə onkoloji xəstəliklərin inkişafına səbəb olan genetik mexanizmlərin insanlardakı mexanizmlərlə təəccüblü dərəcədə oxşar olduğu müəyyən edilib. Tədqiqatçılar ev pişiklərində xərçəngin ilk detallı genetik xəritəsini hazırlayıblar. Araşdırma çərçivəsində təxminən 500 heyvanın şiş DNT-si analiz edilib və onkoloji xəstəliklərin inkişafı ilə əlaqəli əsas genetik mutasiyalar aşkar olunub.
Xərçəng pişiklər arasında əsas xəstələnmə və ölüm səbəblərindən biridir. Lakin bu vaxta qədər onun yaranma və inkişaf mexanizmləri kifayət qədər öyrənilməmişdi. Pişiklərdə xərçəng genetikası uzun müddət demək olar ki, araşdırılmamış sahə olub. Alimlər pişiklərdə rast gəlinən 13 müxtəlif xərçəng növü ilə əlaqəli təxminən min geni təhlil ediblər. Məlum olub ki, pişiklərdə xərçəngə səbəb olan genlərin əhəmiyyətli hissəsi insanlarda da mövcuddur. Bu isə iki növdə şişlərin yaranması və yayılmasına cavabdeh olan ortaq bioloji proseslərin mövcudluğunu göstərir.
Xüsusilə süd vəzisi xərçənginin bəzi formalarına, o cümlədən “triple-negativ” adlanan alt tipə diqqət yetirilib. İnsanlarda bu alt tip süd vəzi xərçəngi hallarının təxminən 15 faizini təşkil edir. Pişiklərdə isə bu forma daha tez-tez rast gəlinir. Alimlərin fikrincə, bu vəziyyət daha çox bioloji nümunə toplamağa və xəstəliyin mexanizmlərini daha dərindən anlamağa imkan verir. Bu da həm heyvanlar, həm də insanlar üçün yeni dərman vasitələrinin hazırlanmasına kömək edə bilər. Böyük Britaniyada 10 milyondan çox pişik ev heyvanı kimi saxlanılır və ev təsərrüfatlarının təxminən dörddə birində ən azı bir pişik var. Maraqlıdır ki, itlərdə onkoloji xəstəliklər kifayət qədər geniş araşdırıldığı halda, pişiklər uzun müddət elmi diqqətdən kənarda qalıb. Tədqiqatçılar bildirirlər ki, həm pişiklər, həm də itlər ətraf mühit faktorlarının xərçəngin inkişafına təsirini anlamaqda da faydalı ola bilər. Çünki ev heyvanları insanlarla eyni mühitdə yaşayır və eyni ekoloji risklərə məruz qalırlar.
Ontario Baytarlıq Kollecindən professor Cefri Vudun sözlərinə görə, bu cür araşdırmalar xərçəngin niyə həm pişiklərdə, həm də insanlarda inkişaf etdiyini daha yaxşı anlamağa, ətraf mühitin xəstəlik riskinə təsirini qiymətləndirməyə və gələcəkdə profilaktika və müalicə üsullarını təkmilləşdirməyə imkan yarada bilər.
Mənbə: https://sonxeber.az/388617/ev-heyvanlari-xercengle-mubarizede-komek-edir



