Uşağın gələcək şəxsiyyətinə necə valideyn davrandığına görə nə təsir edir?

Uşağın şəxsiyyəti boş lövhə kimi formalaşmır. O, ilk gündən valideyn münasibətinin, ailə mühitinin və emosional iqlimin içində böyür. Psixoloqlar hesab edir ki, erkən yaş dövründə qurulan bağlanma modeli, valideynin verdiyi reaksiyalar və tətbiq etdiyi tərbiyə üsulu insanın gələcək xarakterinin, özünə münasibətinin və sosial davranışlarının əsasını qoyur.
Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
“Uşağın şəxsiyyətinin formalaşmasında ən vacib amillərdən biri emosional təhlükəsizlik hissidir. Uşaq valideyn tərəfindən qəbul olunduğunu, sevildiyini və dəstəkləndiyini hiss edəndə, onda sağlat özünə dəyər formalaşır. Əksinə, davamlı tənqid, müqayisə və ya laqeyd münasibət uşağın daxilində “yetərli deyiləm” inancını yarada bilər.
Valideynin davranış modeli də birbaşa təsir göstərir. Uşaqlar deyiləni yox, gördüyünü təqlid edir. Aqressiv ünsiyyət görən uşaq problemi aqressiya ilə həll etməyi öyrənə bilər. Hörmət və empatiya mühitində böyüyən uşaq isə sosial münasibətlərdə daha balanslı olur.
Həddindən artıq nəzarətçi valideynlik gələcəkdə qərar verməkdə çətinlik, asılı davranış və ya gizli üsyankarlıq yarada bilər. Tam sərhədsiz və qaydasız mühit isə məsuliyyət hissinin zəif inkişafına səbəb ola bilər. Sağlam tərbiyə modeli həm sevgi, həm də sərhəd balansını qorumağı tələb edir.
Erkən uşaqlıq dövründə formalaşan bağlanma tərzi də gələcək münasibətlərə təsir edir. Təhlükəsiz bağlanma yaşayan uşaq böyüdükdə münasibətlərdə daha stabil və güvənli olur. Davamlı rədd və emosional uzaqlıq isə gələcəkdə yaxınlıqdan qaçma və ya həddindən artıq asılılıq kimi davranışlara səbəb ola bilər.
Valideyn davranışı uşağın yalnız uşaqlıq dövrünü deyil, onun gələcək özünə inamını, münasibət qurma bacarığını və stresslə mübarizə üsullarını formalaşdırır. Şəxsiyyət bir gündə yaranmır – o, hər gün evdə baş verən kiçik münasibətlərin cəmidir. Uşaq üçün valideyn ilk güzgüdür və o, özünü həmin güzgüdə necə görürsə, çox vaxt dünyaya da elə baxır”.
Mənbə: https://sonxeber.az/388637/valideyn-davranisi-usagin-gelecek-sexsiyyetine-nece-tesir-edir-aciqlama



