Trampın oğlu ilə eyni universitetdə oxuyacaq azərbaycanlı: “Kənddən Çinə getmək asan deyil”

Azərbaycanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay Universitetinə illik təxminən 82 min ABŞ dolları dəyərində təhsil paketindən 72 min dollar təqaüd qazanan ilk azərbaycanlı Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Şükürova Oxu.Az-la təəssüratını bölüşüb.
Nilufər Şükürova bildirib ki, NYU Şanxay Universitetinə müraciəti dövlət dəstəyi olmadan edib.
“Əvvəla, qeyd edim ki, soyadım bir çox yerdə səhv yazılıb. Hüseynli yox, Şükürovadır. Universitetlərin müraciət üçün vahid onlayn platforması var. Həmin portal üzərindən qeydiyyatdan keçərək tələb olunan məlumatları, esse və digər sənədləri təqdim edilmişəm. İmtahan nəticələri də sistemə əlavə olunub. ABŞ universitetlərində qəbul zamanı məktəbdəki nailiyyətlər və direktorun tövsiyə məktubu mühüm rol oynayır,” – deyib.
Qəbul xəbəri axşam saatlarında gəldi. Elektron məktub vasitəsilə şəxsi portalımda yenilik olduğu bildirildi. Açığı, qəbul olunacağıma ümidim var idi, amma bu məbləğdə təqaüd qazanacağımı gözləmirdim. Portala daxil olanda böyük şok yaşadım. Bir neçə dəfə nəticəyə baxdım ki, səhv görmürəm.
“SAT imtahanında 1 600-dən 1 460 bal toplamışdım. Attestat üzrə göstəricim 9 bal üzərindən 8-dir. Bundan əlavə, ABŞ universitetləri dərsdənkənar fəaliyyətlərə xüsusi önəm verir. Mən də bu istiqamətdə aktiv olmuşam. Məktəb direktorunun dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin marketinq üzrə assistent professoru ilə birgə elmi məqalə yazmışam. Həmin professorun köməyi ilə bəzi şirkətlərdə təcrübə proqramlarında iştirak etmişəm. Düşünürəm ki, bu fəaliyyətlər qəbul nəticəsinə müsbət təsir göstərib,” – dedi N. Şükürova.
Ailəsi qəbul xəbərini böyük sevinclə qarşıladı:
“Qəbul olunma ehtimalını düşünürdük, lakin bu səviyyədə təqaüd gözləmirdik. Ona görə də hamımız üçün gözlənilməz və çox sevindirici oldu. Kənd məktəbindən Çinə getmək asan deyil. Kənd məktəbində oxuyan bir şagird kimi, bu nəticə mənim üçün xüsusi əhəmiyyət daşıyır. Əldə etdiyim nailiyyətin istər Azərbaycanda, istərsə də xaricdə təhsil almaq istəyən azərbaycanlı şagirdlərə nümunə olmasını arzulayıram. Bunun üçün hər kəs özünə inanmalı və arzularını həyata keçirmək üçün intizamla çalışmalıdır. Bu uğurda məktəb rəhbərliyinin və müəllimlərimin böyük dəstəyi olub. Xüsusilə direktorun dəstəyini qeyd etməliyəm. Bu nəticəni təkbaşına əldə etməmişəm,” – deyib.
Nilufər Şükürova təqaüd məbləği ilə bağlı məqama da aydınlıq gətirib:
“Universitetin illik təhsil haqqı 69 000 ABŞ dollarıdır. Kampus yataqxanası üçün illik 6 000 dollar, tibbi sığorta üçün 5 500 dollar, dərs vəsaitləri üçün isə təxminən 1 500 dollar nəzərdə tutulur. Ümumilikdə bir illik təhsil xərci təxminən 82 000 ABŞ dolları təşkil edir.
Universitet tərəfindən mənə illik 72 000 ABŞ dolları məbləğində təqaüd ayrılıb. Qalan xərclər ailəm tərəfindən qarşılanacaq. Təhsil müddəti dörd ildir və təqaüd hər il tətbiq olunacaq.



