Orucu Xurma İle və ya Su İle Açmaq Daha Faydalıdır?

Ramazan ayında iftar süfrəsində müzakirə edilən mövzulardan biri də orucun necə açılması ilə bağlıdır. Bir çox insanı düşündürən əsas sual budur: orucu xurma ilə açmaq daha faydalıdır, yoxsa su içmək daha doğrudur?
BAKU.WS xəbər verir ki, İslam ənənəsinə görə, orucu xorama ilə açmaq tövsiyə olunur. Xurma olmadıqda isə su ilə açmaq məsləhət görülür. Bu yanaşma həm dini qaynaqlarda qeyd olunur, həm də praktik baxımdan uyğun hesab edilir.
Mütəxəssislər bildirirlər ki, uzunmüddətli aclıq və susuzluqdan sonra orqanizmin ilk ehtiyacı mayedir. Bu səbəbdən bir neçə qurtum su içmək bədənin su balansını bərpa etməyə kömək edir və həzm sistemi yavaş şəkildə aktivləşdirir.
Digər tərəfdən, xurma təbii şəkər mənbəyidir. Tərkibindəki qlükoza və fruktoza sayəsində qısa müddətdə enerji verir. Eyni zamanda lif, kalium və maqnezium kimi faydalı maddələrlə zəngindir.
Ən uyğun seçim hansıdır?
Həkimlərin fikrincə, ən optimal variant əvvəl bir neçə qurtum su içmək, ardından 1-3 ədəd xurma yeməkdir. Bu üsul həm orqanizmin susuzluğunu aradan qaldırır, həm də enerji balansını tez bərpa edir.
Mütəxəssislər iftar zamanı ağır və yağlı yeməklərlə başlamağın düzgün olmadığını vurğulayırlar. Orucun yüngül və balanslı şəkildə açılması həm həzm sisteminin qorunması, həm də ümumi sağlamlıq baxımından daha məqsədəuyğundur.
Beləliklə, həm dini ənənə, həm də tibbi tövsiyələr göstərir ki, su və xurmanın birlikdə istifadəsi iftar üçün ən faydalı seçim sayılır.
Mənbə: https://sonxeber.az/388553/orucu-xurma-yoxsa-su-ile-acmaq-daha-faydalidir



