Hansı hallarda məhkəməyə müraciət etmədən məsələni hüquqi yolla həll etmək mümkündür? – AÇIQLAMA

Cəmiyyətdə geniş yayılmış düşüncələrdən biri budur ki, hüquqi problem yaranan kimi yeganə çıxış yolu məhkəməyə müraciət etməkdir. Halbuki Azərbaycan qanunvericiliyi bir çox hallarda mübahisələrin məhkəməyə getmədən, daha sürətli və daha az xərcli üsullarla həllini mümkün hesab edir.
Bəs görəsən hansı hallarda məhkəməyə müraciət etmədən məsələni hüquqi yolla həll etmək mümkündür?
Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:
“Hər mübahisə avtomatik olaraq məhkəmə predmetinə çevrilməməlidir. Bir çox hallarda qanun alternativ mexanizmlər təqdim edir və tərəflər bu imkanlardan istifadə edə bilərlər.
İlk növbədə, mülki hüquq münasibətlərində tərəflər qarşılıqlı razılaşma yolu ilə problemi həll edə bilərlər. Borc, icarə, xidmət haqqı, əmlak bölgüsü kimi məsələlər yazılı sazişlə tənzimlənə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi tərəflərin sərbəst iradə ifadəsinə əsaslanan razılaşmalarını hüquqi baxımdan etibarlı hesab edir.
Müqavilə münasibətlərində geniş tətbiq olunan mexanizmlərdən biri də pretensiya – yəni rəsmi yazılı tələb qaydasıdır. Qarşı tərəfə qanuni əsaslarla göndərilən rəsmi tələb bir çox hallarda mübahisəni məhkəməyə daşımadan həll etməyə imkan verir. Bəzi hallarda isə bu mərhələ məhkəməyə müraciətdən əvvəl zəruri prosedur hesab olunur.
Alternativ həll yollarından biri mediasiyadır. Azərbaycan qanunvericiliyinə əsasən, bir sıra mülki, ailə və kommersiya mübahisələri mediasiya yolu ilə həll edilə bilər. Tərəflər neytral mediatorun iştirakı ilə razılığa gələrsə, əldə olunan saziş hüquqi qüvvəyə malik olur və icra sənədi kimi tanına bilər. Bu üsul həm vaxt, həm də xərc baxımından daha effektiv hesab olunur.
Əmək münasibətlərində də bütün məsələlər dərhal məhkəməyə daşınmır. İşçi əvvəlcə işəgötürənə rəsmi müraciət edə, müəssisədaxili araşdırma tələb edə və ya Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət ünvanlaya bilər. Çox zaman məsələ bu mərhələdə həll olunur.
Ailə münasibətlərində, xüsusilə alimentin könüllü ödənilməsi, uşaqlarla ünsiyyət qaydası və əmlak bölgüsü tərəflərin notarial qaydada təsdiqlənmiş razılaşması ilə tənzimlənə bilər. Bu halda məhkəmə qərarına ehtiyac qalmır.
Bundan əlavə, inzibati xarakterli bir çox məsələlər üzrə vətəndaşlar əvvəlcə aidiyyəti dövlət orqanına və ya yuxarı instansiyaya inzibati qaydada şikayət verə bilərlər. Yalnız bu mexanizm nəticə vermədikdə məsələ məhkəmə müstəvisinə çıxarılır.
Məhkəmə hüquqların müdafiəsinin əsas vasitələrindən biridir, lakin yeganə yol deyil. Qanun alternativ mexanizmlər təqdim edir və düzgün hüquqi yanaşma seçildikdə bir çox mübahisəni məhkəməyə getmədən, daha sivil və operativ şəkildə həll etmək mümkündür”.



