Psixoloqa müraciət etməyin vaxtının çatdığını göstərən əsas siqnallar hansılardır? - AÇIQLAMA - Admenasi
Sosial

Psixoloqa müraciət etməyin vaxtının çatdığını göstərən əsas siqnallar hansılardır? – AÇIQLAMA

Cəmiyyətdə hələ də psixoloqa müraciət etməyi yalnız “çox ağır problem”lərlə əlaqələndirən yanaşma var. Halbuki psixoloji dəstək almaq üçün mütləq böhran nöqtəsinə çatmağı gözləmək lazım deyil.

Bəs görəsən psixoloqa müraciət etməyin vaxtının çatdığını göstərən əsas siqnallar hansılardır?

Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:

“Əgər uzun müddətdir davam edən daxili narahatlıq, səbəbsiz həyəcan, gərginlik və ya ümidsizlik hissi yaşayırıqsa, bu artıq keçici emosional hal deyil. Xüsusilə bu vəziyyət iki-üç həftədən çox davam edirsə və gündəlik həyat keyfiyyətini aşağı salırsa, bu, diqqətə alınmalıdır. Əvvəllər zövq aldığınız fəaliyyətlərə qarşı marağın itməsi, enerjisizlik, səhər oyanmaqda çətinlik, motivasiya azalması da mühüm siqnallardandır. Bu, depressiv prosesin başlanğıcı ola bilər.

Yuxu və iştah pozuntuları – ya həddindən artıq yatmaq, ya da yuxusuzluq; ya iştahanın kəskin azalması, ya da emosional yemək – psixoloji gərginliyin bədən üzərindən ifadəsidir.

Travmatik hadisə yaşamısınızsa və aradan zaman keçməsinə baxmayaraq hadisə tez-tez zehninizdə canlanırsa, kabuslar, ani qorxu reaksiyaları varsa, mütləq mütəxəssis dəstəyi tövsiyə olunur.

Özünüzlə bağlı dəyərsizlik düşüncələri, “mən bacarmıram”, “mən kifayət deyiləm” kimi davamlı mənfi daxili dialoq da psixoloji müdaxilə tələb edə bilər.

Ən önəmlisi isə budur – əgər artıq təkbaşına öhdəsindən gələ bilmədiyinizi hiss edirsinizsə, bu, psixoloqa müraciət üçün kifayət qədər əsasdır. Psixoloqa getmək zəiflik deyil, əksinə, insanın öz psixi sağlamlığına məsuliyyətlə yanaşmasının göstəricisidir”.

Mənbə: https://sonxeber.az/388213/psixoloqa-muraciet-etmeyin-vaxtinin-catdigini-gosteren-esas-siqnallar-hansilardir-aciqlama

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button