“Mobil telefonda bu məlumatları saxlamaq ciddi təhlükə yaradır” – AÇIQLAMA

Rəqəmsal texnologiyaların gündəlik həyatımızda rolu artdıqca mobil telefonlarda saxladığımız şəxsi məlumatların həcmi də genişlənir. Bu səbəbdən də telefonlarda hansı məlumatların saxlanılmasının təhlükə yaratdığı məsələsi də аktuallıq qazanır. Bəs, konkret olaraq mobil telefonlarda hansı növ məlumatların saxlanılması istifadəçilər üçün ciddi təhlükə yarada bilər və bu risklərin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a İKT üzrə ekspert Elvin Abbasov danışıb.
O, açıqlamasında qeyd edib ki, mobil telefonların artıq rəqəmsal bir seyfə çevrildiyi müasir dövrdə bəzi məlumatların orada saxlanılması kiber-insident və ya cihazın itirilməsi zamanı fəlakətli nəticələrə yol aça bilər:
“Konkret olaraq, bank kartlarının hər iki üzünün fotosu, PİN kodlar, müxtəlif hesabların şifrələrinin yazıldığı qeydlər (notes) və şəxsiyyət vəsiqəsi kimi rəsmi sənədlərin skan olunmuş versiyaları telefonun qalereyasında və ya bulud yaddaşında şifrələnməmiş halda saxlanılmamalıdır. Həmçinin, tətbiqlərdə “məni xatırla” funksiyasının aktiv olması, xüsusilə maliyyə və elektron hökumət tətbiqləri üçün ciddi təhlükə mənbəyidir, çünki cihaz kənar şəxslərin əlinə keçdikdə bu məlumatlar birbaşa giriş qapısına çevrilir.
Bu risklərin qarşısını almaq üçün ilk növbədə İki Faktorlu Doğrulama (2FA) sistemini bütün kritik hesablar üçün aktivləşdirmək zəruridir. Şəxsi sənədlər və şifrələr mütləq şəkildə “Password Manager” (şifrə idarəçisi) kimi xüsusi şifrələnmiş tətbiqlərdə və ya telefonların daxili “Təhlükəsiz Qovluq” (Secure Folder) bölmələrində saxlanılmalıdır. Bundan əlavə, biometrik təhlükəsizlik (FaceID və ya barmaq izi) hər bir kritik tətbiq üçün fərdi şəkildə quraşdırılmalı və cihazın əməliyyat sistemi mütəmadi olaraq yenilənməlidir ki, məlum kiber-boşluqlar vaxtında bağlansın. İctimai yerlərdə açıq Wi-Fi şəbəkələrindən istifadə edərkən şəxsi məlumatların ötürülməsindən qaçmaq isə rəqəmsal gigiyenanın ən vacib qaydalarından biridir”.
Mənbə: https://sonxeber.az/388181/mobil-telefonda-bu-melumatlari-saxlamaq-ciddi-tehluke-yaradir-aciqlama


