“Regionlarda işçi çatışmazlığının səbəbi təkcə maaş deyil, sosial prestij problemidir” – AÇIQLAMA

Son illər regionlarda bəzi sahələr üzrə işçi çatışmazlığı müşahidə olunur. Yerli iş yerlərinin olmasına baxmayaraq, xüsusilə gənclərin bu sahələrdə çalışmağa maraq göstərməməsi, paytaxta və ya xaricə üz tutması diqqət çəkir. Mütəxəssislər bu vəziyyətin təkcə iqtisadi deyil, eyni zamanda sosial və mədəni səbəblərlə də bağlı olduğunu bildirirlər. Bəs regionlarda bəzi sahələr üzrə işçi tapılmamasının arxasında hansı sosial amillər dayanır və bu problemin həllində cəmiyyətin rolu nədən ibarət olmalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a sosioloq Yusif Nəbiyev danışıb.
O açıqlamasında qeyd edib ki, regionlardakı kadr çatışmazlığını yalnız vakansiya, “rəqabətədavamlı maaş” kimi “peyvənd”lərlə müalicə etmək mümkün deyil:
“İnsanların paytaxta axını təkcə maaş problemi deyil, həm də sosial status və prestij problemidir. İnsanlar əmək fəaliyyəti nəticəsində yalnız pul qazanmırlar, həm də nüfuz, prestij və tanınma qazanmaq istəyirlər. Regiondakı bir çox peşə isə, bəllidir ki, iqtisadi gəlir gətirsə də, sosial status baxımından cazibədar görünmür. Bu gün bir gənc üçün “paytaxtda filan şirkətdə işləyirəm” demək daha cazibədar səslənir, nəinki ondan daha artıq maaşa hansısa rayonda işləmək. Hətta insanlar fermer fəaliyyəti, təsərrüfat işləri ilə şəhərdə qazandıqlarından 4-5 qat artığını qazana biləcəkləri halda, bu işlərə maraq göstərmirlər. Çünki məsələ heç vaxt təkcə maaş olmayıb.
Digər tərəfdən, bu proses klassik “mərkəz-periferiya” modelində qurulmuş strukturların xarakterik özəlliyidir. Belə sistemlərdə mərkəz (paytaxt) daha çox imkan, şəbəkə və perspektiv vəd edir. Yatırımlar, fürsətlər birinci mərkəzə gəlir və oranın süzgəcindən keçir. Periferiyaya isə süzgəcdə qalan “ikinci sort” imkanlar qalır. Buna görə də regionlarımız hələ də beynimizdə məhdud seçimlərlə assosiasiya olunur. Gənclər isə yalnız iş axtarmırlar, ümumilikdə həyat tərzi axtarırlar. Əgər region sosial, mədəni və peşəkar inkişaf imkanları baxımından kasad görünürsə, təkcə vakansiya elan etməklə problemi həll etmək, əlbəttə ki, çətin olacaq.
Ona görə də bu problemin həll yolu təkcə iqtisadi təşviqlər yox, həm də sosial mühitin transformasiyasıdır. Regionda işləmək prestijli və perspektivli seçim kimi təqdim olunmalıdır. Keyfiyyətli təhsil infrastrukturu, sosial həyat, peşəkar şəbəkələşmə imkanları yaradılmalıdır. Əks halda, gənclərin paytaxta və ya xaricə axını davam edəcək və biz əlavə iş yerləri açmaqla da bu tendensiyanı dayandıra bilməyəcəyik”.



