Xəyanətdən sonra münasibəti davam etdirmək istəyən insanın psixologiyasında nə baş verir? – AÇIQLAMA

Xəyanət münasibətlərdə ən sarsıdıcı travmalardan biridir. Çünki burada təkcə partnyor yox, eyni zamanda insanın güvən hissi, özünə inamı və münasibətə dair bütün təsəvvürləri zərbə alır. Buna baxmayaraq, bəzi insanlar xəyanətdən sonra münasibəti bitirmək əvəzinə davam etdirməyi seçir. Bu qərar kənardan zəiflik kimi görünə bilər, amma psixoloji baxımdan proses daha mürəkkəb və çoxqatlıdır.
Bəs görəsən xəyanətdən sonra münasibəti davam etdirmək istəyən insanın psixologiyasında nə baş verir?
Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
“Xəyanətdən sonra münasibəti davam etdirmək istəyən insanın daxilində bir neçə paralel emosional proses gedir.
İlk olaraq, güclü ziddiyyət yaşanır. İnsan həm incimiş, alçaldılmış və qəzəbli olur, həm də hələ də sevdiyini hiss edir. Beyin “məni incitdi” deyir, emosional bağ isə “onu itirmək istəmirəm” deyə müqavimət göstərir. Bu daxili konflikt ciddi psixoloji yorğunluq yaradır.
İkinci mühüm məqam travmatik bağlanmadır. Xəyanət güclü stres reaksiyası yaradır və bu vəziyyətdə insan paradoksal şəkildə partnyora daha çox bağlana bilər. Çünki beyin təhlükə mənbəyini itirmək yox, onu nəzarətdə saxlamaq istəyir. Bu, xüsusilə uşaqlıqda tərk edilmə qorxusu yaşamış insanlarda daha qabarıq görünür.
Üçüncü faktor özünüdəyər məsələsidir. Bəzi insanlar xəyanəti öz üzərinə götürür: “Bəlkə mən yetərli olmadım?”, “Hardasa səhv etdim”. Bu düşüncə münasibəti xilas etməyi bir növ özünü sübut etmə cəhdinə çevirir. İnsan partnyoru yox, əslində öz dəyərini qorumağa çalışır.
Digər tərəfdən, uzunmüddətli münasibətlərdə ortaq həyat, uşaqlar, sosial mühit, maddi bağlılıq kimi faktorlar qərara təsir edir. İnsan yalnız sevgini yox, qurduğu sistemi də itirməkdən qorxur.
Amma ən vacib məqam budur: münasibəti davam etdirmək istəyi həmişə zəiflik demək deyil. Bəzən bu, şüurlu seçim olur. Əgər xəyanət edən tərəf məsuliyyət götürür, açıq ünsiyyət qurulur və etibar tədricən bərpa edilirsə, münasibət əvvəlkindən daha sağlam formaya keçə bilər. Lakin əgər inkar, manipulyasiya və ya təkrarlanan xəyanət varsa, davam etmək insanın özünə zərər verməsi ilə nəticələnə bilər.
Xəyanətdən sonra verilən qərar əslində bir sualla bağlıdır: “Mən bu münasibətdə qalaraq özümü itirirəm, yoxsa özümü qoruyaraq qalmağı bacarıram?”



