Valideynlərdən biri uşağın ölkədən çıxarılmasına razılıq vermədikdə hüquqi prosedur necə aparılır? - AÇIQLAMA - Admenasi
Sosial

Valideynlərdən biri uşağın ölkədən çıxarılmasına razılıq vermədikdə hüquqi prosedur necə aparılır? – AÇIQLAMA

Boşanma və ya ayrı yaşama hallarında ən çox mübahisə doğuran məsələlərdən biri uşağın ölkədən çıxarılmasıdır. Xüsusilə valideynlərdən biri buna razılıq vermədikdə vəziyyət həm hüquqi, həm də emosional baxımdan mürəkkəbləşir. Bir çox valideynlər düşünür ki, uşaq onun himayəsindədirsə, sərbəst şəkildə xaricə apara bilər. Lakin qanunvericilik bu məsələni daha həssas və konkret qaydalarla tənzimləyir.

Bəs görəsən valideynlərdən biri uşağın ölkədən çıxarılmasına razılıq vermədikdə hüquqi prosedur necə aparılır?

Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:

“Hüquqşünas olaraq qeyd etməliyəm ki, yetkinlik yaşına çatmayan uşağın ölkədən çıxarılması üçün, bir qayda olaraq, hər iki valideynin razılığı tələb olunur. Əgər valideynlərdən biri razılıq vermirsə, məsələ məhkəmə qaydasında həll edilir.

Bu halda atılmalı olan hüquqi addımlar belədir:

İlk növbədə, uşağı ölkədən çıxarmaq istəyən valideyn məhkəməyə müraciət etməlidir. İddia ərizəsində səfərin məqsədi (müalicə, təhsil, istirahət və s.), müddəti və uşağın mənafeyinə uyğunluğu əsaslandırılmalıdır.

Məhkəmə işə baxarkən əsas meyar kimi “uşağın üstün mənafeyini” götürür. Yəni qərar valideynlərin şəxsi münasibətlərinə görə deyil, uşağın psixoloji, fiziki və sosial rifahı baxımından verilir.

Əgər səfər müvəqqətidirsə və uşağın geri qaytarılacağına dair risk yoxdursa, məhkəmə digər valideynin razılığı olmadan da ölkədən çıxışa icazə verə bilər. Lakin daimi yaşayış yerinin dəyişdirilməsi məsələsi daha mürəkkəbdir və burada daha ciddi əsaslandırma tələb olunur.

Bəzi hallarda valideyn uşağın ölkədən çıxışına qadağa qoyulması üçün də müraciət edə bilər. Bu zaman sərhəd orqanlarına müvafiq məlumat ötürülür və məhkəmə qərarı olmadan uşağın çıxışı mümkün olmur.

Vacib məqam odur ki, uşağı digər valideynin razılığı və ya məhkəmə qərarı olmadan ölkədən çıxarmaq hüquqi məsuliyyət yarada bilər. Bu, həm inzibati, həm də müəyyən hallarda daha ağır hüquqi nəticələrə səbəb ola bilər.

Yekunda vurğulamaq lazımdır ki, belə mübahisələrdə əsas prioritet valideynlərin emosional qarşıdurması yox, uşağın təhlükəsizliyi və gələcək maraqları olmalıdır. Məhkəmələr də qərar verərkən məhz bu prinsipi əsas götürür”.

Mənbə: https://sonxeber.az/388086/valideynlerden-biri-usagin-olkeden-cixarilmasina-raziliq-vermedikde-huquqi-prosedur-nece-aparilir-aciqlama

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button