Hansı hallarda vətəndaşlar hüquqlarının pozulduğunu gec anlayırlar? – AÇIQLAMA

Hüquqların pozulması hər zaman açıq və dərhal hiss olunan formada baş vermir. Bir çox hallarda vətəndaşlar hüquqlarına müdaxilə edildiyini ya gec anlayır, ya da ümumiyyətlə bunun hüquqi məsələ olduğunu fərq etmir.
Hüquqi savadlılığın yetərli olmaması, etibar münasibətləri və sənədlərin diqqətlə oxunmaması bu gecikmənin əsas səbəblərindəndir.
Bəs görəsən hansı hallarda vətəndaşlar hüquqlarının pozulduğunu gec anlayırlar?
Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:
“Praktikada insanlar ən çox müqavilə münasibətlərində hüquqlarının pozulduğunu gec anlayırlar. Məsələn, kredit, icarə, əmək və ya alqı-satqı müqavilələrində şərtlər diqqətlə oxunmur, əlavə maddələrə əhəmiyyət verilmir. Nəticədə cərimə, faiz, birtərəfli ləğvetmə və ya əlavə öhdəliklər ortaya çıxanda şəxs artıq hüquqi risklə üzləşmiş olur.
Digər geniş yayılmış hal əmək münasibətləri ilə bağlıdır. Bir çox işçi əmək müqaviləsi olmadan çalışır və ya müqavilədə göstərilən şərtlərlə faktiki iş şəraiti arasında fərqi nəzərə almır. İşdən çıxarıldıqdan və ya əməkhaqqı problemi yarandıqdan sonra hüquqlarının pozulduğunu anlayırlar.
Əmlak məsələlərində də oxşar vəziyyət müşahidə olunur. İnsanlar sənədlərin hüquqi statusunu tam araşdırmadan əmlak alır, etibarnaməyə həddindən artıq güvənir və ya dövlət qeydiyyatının əhəmiyyətini kiçik hesab edirlər. Mübahisə yarandıqda isə artıq gec olur.
Bundan əlavə, ailə hüququ, miras bölgüsü və borc münasibətlərində də vətəndaşlar çox vaxt şifahi razılaşmalara güvənirlər. Hüquq isə əsasən yazılı sübutlara əsaslandığı üçün sonradan öz mövqelərini sübut etməkdə çətinlik çəkirlər.
Ümumilikdə, insanlar hüquqlarının pozulduğunu ən çox o zaman gec anlayırlar ki, münasibətlər etimad üzərində qurulur, sənədlər diqqətlə oxunmur və ya “mənə heç nə olmaz” düşüncəsi ilə hüquqi risklər kiçildilir. Hüquqi maariflənmə və hər hansı ciddi sənədə imza atmadan əvvəl mütəxəssis məsləhəti almaq bu kimi halların qarşısını əhəmiyyətli dərəcədə azalda bilər”.



