3 yaşlı uşaq siqaret çəkərkən görüntülənib

Eskişehirdə keçirilən küçə toyunda siqaret çəkərkən görüntülənən 3 yaşlı uşağın anası S.B. barəsində açılan cinayət işi üzrə məhkəmə qərarı verilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, mühakimə olunan ana, işə baxılan ilk iclasda bəraət alıb.
Hadisə ötən ilin aprel ayında Odunpazarı rayonunun Emek məhəlləsində baş verib. Küçə toyunda çəkilən və sosial şəbəkələrdə yayılan görüntülərdə, yaxınlarının qucağında olan azyaşlı uşağın siqaret çəkdiyi iddia olunub. Videonun yayılmasından sonra Eskişehir Cumhuriyyət Baş Prokurorluğu araşdırmaya başlayıb və ana S.B. barəsində “sağlamlıq üçün təhlükəli maddə ilə təminetmə” və “ailə hüququndan irəli gələn öhdəliyin pozulması” maddələri ilə cinayət işi açılıb.
Məhkəmədə özünü müdafiə edən S.B. ittihamları qəbul etməyərək, uşağın siqaret deyil, yerdən tapdığı plastik əşyanı ağzına apardığını və bunu görən kimi əlindən aldığını bildirib. Tərəflərin izahatlarından sonra məhkəmə ananın günahsız olduğuna qərar verərək, ona bəraət hökmü çıxarıb.
Mənbə: https://sonxeber.az/385935/3-yasli-usaq-siqaret-cekerken-goruntulenib



