Şimpanzelər üzərində maraqlı təcrübə: Qədim insanlar niyə kristal toplayıblar?

Arxeoloqlar uzun illərdir qədim insan qalıqlarının yanında kristallar aşkar edirlər. Məlumdur ki, homininlər bu cür daşları ən azı 780 min il əvvəl toplayıblar, lakin onlardan nə alət, nə silah, nə də bəzək əşyası kimi istifadə ediblər. Yeni araşdırma göstərir ki, kristallara maraq onların qeyri-adi forması və şəffaflığı ilə bağlı ola bilər.
Oxu.Az xəbər verir ki, tədqiqat “Frontiers in Psychology” jurnalında dərc olunub.
Fərziyyəni yoxlamaq üçün İspaniyadan olan alimlər insanın ən yaxın qohumlarından sayılan şimpanzelərlə təcrübələr aparıblar. Əgər kristallara maraq onlarda da müşahidə olunursa, bu, belə davranışın qədim təkamül köklərinə malik olduğunu göstərə bilər.
Birinci təcrübədə platformaya iri kvars kristalı və təxminən eyni ölçüdə adi daş qoyulub. Əvvəlcə şimpanzelər hər iki əşyaya maraq göstərsələr də, qısa müddətdən sonra demək olar ki, tamamilə kristala yönəliblər. Onlar kristalı diqqətlə araşdırıb, fırladıb və müxtəlif bucaqlardan baxmaq üçün əyiblər. Şimpanzelərdən biri hətta kristalı adətən istirahət etdikləri otağa aparıb.
Tədqiqatçılar kristalı geri almaq istəyəndə onu heyvanların sevdiyi banan və yoqurtla dəyişməli olublar.
İkinci təcrübədə alimlər kiçik kvars kristallarını 20 ədəd yumru çay daşı ilə qarışdırıblar. Şimpanzelər demək olar ki, dərhal kristalları seçərək ayırıblar. Qarışığa digər minerallar – pirit və kalsit əlavə edildikdə belə, heyvanlar onları adi çınqıldan asanlıqla fərqləndiriblər.
Heyvanlarda xüsusi maraq doğuran əsas xüsusiyyət kristalların şəffaflığı olub. Şimpanzelər onları gözlərinə yaxınlaşdıraraq işığa tutub, bəzən bir neçə dəqiqə ərzində diqqətlə müşahidə ediblər.
Belə davranış heyvanların kristalları xüsusi obyekt kimi qəbul etdiyini göstərə bilər. Alimlər həmçinin müşahidə ediblər ki, şimpanzelər bəzən kristalları ağızlarında daşıyıblar. Bu isə növ üçün qeyri-adi hal sayılır və tapıntını gizlətməyə cəhd kimi qiymətləndirilə bilər.
Tədqiqat müəllifləri hesab edirlər ki, qədim insanları da məhz bu xüsusiyyətlər cəlb etmiş ola bilər. Təbiətdə əksər obyektlər əyri və ya budaqlanan formalara malikdir – ağaclar, dağlar, çaylar və buludlar. Kristallar isə sərt həndəsi quruluşu ilə seçilir. Onlar çoxsaylı düz səthlərə və aydın bucaqlara malik nadir təbii cisimlərdəndir.



