Sağlamlıq üçün gizli bomba: Alkoqol və dərman bir arada

Alkoqol və dərmanların eyni vaxtda qəbulu sağlamlıq üçün ciddi təhlükə yaradır.
Oxu.Az xəbər verir ki, bu barədə “Alkomed” klinikasının narkologiya şöbəsinin müdiri Andrey Tyurin “Lenta.ru”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, spirtli içkilərlə birlikdə qəbul edilən dərmanlar qaraciyərə ikiqat yük salır. Bu isə ya preparatın həddindən artıq güclü təsir göstərməsinə, ya da əksinə, təsirinin zəifləməsinə səbəb ola bilər.
Həkim, xüsusilə, parasetamolun alkoqolla birlikdə qəbulunun təhlükəli olduğunu vurğulayıb. O qeyd edib ki, bu halda parasetamol qaraciyər üçün zəhərə çevrilir və hətta dozanın cüzi artırılması belə ağır qaraciyər zədələnməsinə gətirib çıxara bilər.
Alkoqolun ibuprofen və aspirin kimi qeyri-steroid iltihabəleyhinə preparatlarla birgə qəbulu mədə qanaxması və xora riskini artırır. Təzyiq dərmanları ilə birlikdə spirtli içki qəbul etmək isə arterial təzyiqin kəskin enməsinə və huşun itirilməsinə səbəb ola bilər.
Bundan əlavə, alkoqolun antibiotiklərlə eyni vaxtda qəbulu ağır zəhərlənmə, ürəkbulanma, qusma və təzyiqin düşməsi ilə nəticələnə bilər.
Mənbə: https://sonxeber.az/389082/saglamliq-ucun-gizli-bomba-alkoqol-ve-derman-bir-arada



