Naxçıvana hücum edən İran dronu haqqında BİLMƏDİKLƏRİMİZ: Hədəfə çırpılaraq PARTLAYIR – VİDEO

İranın Naxçıvan aeroportuna hücumu “Arash-2” kamikadze pilotsuz uçuş aparatı (PUA) vasitəsilə həyata keçirilib.
Oxu.Az-ın araşdırmasına görə, bu, İranın son illərdə təqdim etdiyi uzaqmənzilli zərbə dronlarından biridir və hədəfə çırpılaraq partlayan kamikadze tipli pilotsuz uçuş aparatları sinfinə daxildir.
“Arash-2” İranın uzaqmənzilli zərbə dronları arasında ən diqqətçəkən platformalardan biri hesab olunur. “Arash-2” İranın hərbi sənaye kompleksi tərəfindən hazırlanmış “loitering munition” (gəzən döyüş sursatı) tipli pilotsuz aparatdır. Bu kateqoriyaya aid dronlar əvvəlcədən müəyyən edilmiş istiqamətə uçur, hədəf zonasına çatdıqdan sonra müəyyən müddət havada qalaraq hədəfi gözləyir və daha sonra birbaşa hədəfə çırpılaraq partlayır. Bu səbəbdən belə sistemlər klassik pilotsuz kəşfiyyat dronlarından fərqli olaraq birbaşa döyüş sursatı funksiyasını yerinə yetirir.
“Arash-2” kamikadze dronu iri ölçülü zərbə PUA-ları kateqoriyasına daxildir. Pilotsuz uçuş aparatının uzunluğu təxminən 4.5 metr, qanad açıqlığı isə təxminən 4 metr təşkil edir. Aparatın ümumi çəkisi təxminən 200 kiloqram civarındadır. Bu ölçülər və konstruksiya dronun uzun məsafələrə uçuş üçün nəzərdə tutulduğunu göstərir. Aerodinamik quruluşu sadə və uzaqməsafəli uçuş üçün optimallaşdırılmış platformaya uyğun hazırlanıb.
“Arash-2” piston tipli mühərriklə işləyir. Bu mühərrik pilotsuz uçuş aparatına uzun müddət havada qalmaq və böyük məsafələr qət etmək imkanı verir. Dronun maksimal sürəti təxminən saatda 185 kilometr təşkil edir.
Pilotsuz uçuş aparatının maksimal uçuş hündürlüyü təxminən 12 min fut, yəni 3.6 kilometr civarındadır. Bu hündürlük dronun həm uzun məsafəli uçuşlar həyata keçirməsinə, həm də radar aşkarlanmasını müəyyən qədər çətinləşdirməsinə imkan yaradır. “Arash-2″nin əsas üstünlüklərindən biri onun uzun uçuş məsafəsinə malik olmasıdır. Pilotsuz uçuş aparatının uçuş mənzili 1000-1600 kilometr təşkil edir. Bəzi konfiqurasiyalarda isə bu məsafə 2000 kilometrə qədər çata bilir. Uçuş məsafəsindəki fərq, əsasən, dronun döyüş başlığının çəkisi, yanacaq ehtiyatı və uçuş profili ilə bağlı dəyişir.
Dron təxminən 150 kiloqramlıq döyüş başlığı daşıyır. Bu döyüş başlığı hədəfə çırpılma zamanı ciddi dağıdıcı təsir yaradır və xüsusilə infrastruktur obyektlərinə qarşı istifadə üçün nəzərdə tutulur.
“Arash-2” mobil buraxılış sistemi ilə istifadə olunur. Pilotsuz uçuş aparatı uçuş zolağı olmadan havaya buraxılır. Dron, adətən, yük maşını üzərində quraşdırılan konteyner tipli (“box launcher”) mobil buraxılış qurğusundan istifadə olunaraq buraxılır. Buraxılış zamanı raket sürətləndirici (JATO) sistemi tətbiq edilir. Bu sistem pilotsuz uçuş aparatının qısa müddətdə yüksək sürət yığaraq havaya qalxmasını təmin edir. Mobil buraxılış sistemi “Arash-2″nin taktiki imkanlarını artırır. Bu texnologiya sayəsində dron müxtəlif mövqelərdən qısa müddətdə buraxıla bilir və buraxılış nöqtəsinin müəyyən edilməsi çətinləşir.
“Arash-2″nin idarəetmə sistemi peyk naviqasiyası və avtomatik uçuş proqramı əsasında işləyir. Pilotsuz uçuş aparatı əvvəlcədən proqramlaşdırılmış koordinatlar üzrə hədəfə istiqamətlənir və uçuş zamanı avtopilot sistemi vasitəsilə marşrutunu qoruyur.
Analitik materiallarda “Arash-2″nin bəzi hallarda İranın digər kamikadze dronları ilə, xüsusilə “Kian-2” platforması ilə eyni ailəyə aid olduğu və ya bu platformaların texnoloji baxımdan yaxın sistemlər olduğu qeyd olunur. Bu isə İranın uzaqmənzilli kamikadze dronlarının vahid texnoloji baza üzərində inkişaf etdirildiyini göstərir.
Ümumilikdə “Arash-2” İranın arsenalında yer alan ən uzaqmənzilli kamikadze pilotsuz uçuş aparatlarından biri hesab olunur. Bu xüsusiyyətlər “Arash-2″nin strateji və infrastruktur obyektlərinə qarşı istifadə edilən kamikadze dronları arasında xüsusi yer tutduğunu göstərir.
Video ucun menbeyey baxin: https://sonxeber.az/389466/naxcivana-hucum-eden-iran-dronu-haqqinda-bilmediklerimiz-hedefe-cirpilaraq-partlayir-video



