Komitə sədri: “Turizmin inkişafı ilə 460 mindən çox iş yeri açıla bilər”

Azərbaycanda turizm sektorunun inkişaf etdirilməsi gələn illərdə 460 mindən çox yeni iş yerinin açılmasını dəstəkləyə bilər.
“Bəşər” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Cəbrayıl Musa Quliyev bu gün parlamentdə keçirilən “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə bildirmişdir.
“Turizm 50-dən çox sahəni birləşdirir. Bu sektor inkişaf etdikcə dövlətin gəlirləri və məşğulluq artır, kiçik və orta biznes genişlənir, regionlar dirçəlir”, – demişdir.
“Etiraf edək ki, hazırda Azərbaycana gələn turistlərin sayı ölkəmizin potensialından çox azdır. Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, mətbəxi turizm üçün çox cəlbedicidir. İctimai asayiş, təhlükəsizlik yüksək səviyyədədir. Amma qiymət, xidmət, logistik, tanıtım problemləri həll olunmadan güclü turizm ölkəsinə çevrilmək çətindir”, – demişdir.
“Dünyadakı 900 palçıq vulkanının 300-ü Azərbaycandadır. Naftalan və Naxçıvan Duzdağ kompleksi nadir təbii müalicə ocaqları olmaqla yanaşı, sağlamlıq turizmi üçün unikal məkanlardır. Atəşgah məbədi və Yanardağ qoruğu Odlar Yurdunun simvolu olmaqla bərabər, qədim tarixə malik ziyarətgah olaraq çox cəlbedici turizm məkanlarıdır. Bəşər tarixinin ən qədim insan məskəni və zəngin mədəniyyət məbədlərindən olan Azıx mağarası və Qobustan abidələri turistik əhəmiyyətinə görə də nadir nümunələrdəndir. Turizmin infrastrukturu ölkəmizdə ilbəil genişlənir, böyüyür, müasirləşir. Azərbaycanda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayına 2023-2024-cü il məlumatlarına əsasən 900-dən çoxdur. Paytaxt Bakı ilə yanaşı Qəbələ, Şəki, Quba və Naftalan həm daxili, həm də xarici turistlər üçün çox cəlbedici istiqamətlərdir”, – demişdir.
Mənbə: https://sonxeber.az/389096/komite-sedri-turizmin-inkisafi-ile-450-minden-cox-is-yeri-acila-biler



