Hobbi olaraq başladıqları işə 4 qoyub, altı ildə 600 aldılar – VİDEO

Türkiyənin Denizli vilayətinin Pamukkale rayonunda iki qardaşın hobbi kimi başladığı qoyunçuluq fəaliyyəti qısa müddətdə böyük təsərrüfata çevrilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Pınarkent məhəlləsində yaşayan Atilla və Cemil Doğan qardaşları 2020-ci ildə cəmi 4 baş Çeşmə sakızı cinsli qoyunla kiçikbaş heyvandarlığa başlayıblar. Hazırda isə onların sürüsündə 200-dən çox qoyun var. Ümumilikdə 6 il ərzində sakız cinsindən olan qoyunların sayı 600-ü keçib, təxminən 400 baş heyvan isə satılıb.
Atilla Doğan bildirib ki, 2020-ci ildən əvvəl iri buynuzlu heyvan və keçi yetişdiriciliyi ilə məşğul olublar. Lakin zərər etdikləri üçün bütün heyvanları sataraq bu sahədən uzaqlaşıblar. Qardaşı ilə birlikdə tekstil sektorunda çalışdıqlarını deyən Doğan, sonradan hobbi məqsədilə Aydın bölgəsindən 4 baş sakız cinsli qoyun aldıqlarını qeyd edib.
Onun sözlərinə görə, qoyunların üçüz, dördüz və beşiz bala verməsi təsərrüfatın sürətlə böyüməsinə səbəb olub. 2021-ci ildə əlavə 15 baş sakız cinsli qoyun alaraq istehsalı genişləndiriblər. Erkək quzular satılıb, dişi quzular isə sürüyə qatılıb.
Doğan bildirib ki, sakız cinsli qoyunlardan biri ilk doğumunda beşiz, ikinci doğumunda isə doqquz bala verib. Quzuların doğum çəkisi 200-400 qram arasında dəyişib. Onun sözlərinə görə, bu cinsə düzgün qulluq edildikdə ildə iki dəfə bala almaq mümkündür.
Qardaşlar qeyd ediblər ki, sakız cinsli qoyunların illik süd verimi 250 litrə qədər çatır. Süd sağılaraq pendir hazırlanır və satışa çıxarılır. Dişi quzulara tələbat çox olsa da, təsərrüfatı genişləndirmək məqsədilə onları satmırlar.
Atilla Doğan həmçinin bildirib ki, Pamukkale Universiteti ilə birgə layihə həyata keçirilməsi planlaşdırılır. Layihə çərçivəsində quzuların qan və DNT analizləri aparılacaq.
Qardaşların sözlərinə görə, sakız cinsinin ət verimi də yüksəkdir. 120 günlük quzuların çəkisi 38-40 kiloqrama çatır ki, bu da onların gözləntilərini üstələyib.
Beləliklə, hobbi kimi başlayan təşəbbüs qısa müddətdə yüksək məhsuldarlığa malik uğurlu ailə təsərrüfatına çevrilib.
Video ucun menbeyey baxin: https://sonxeber.az/388814/hobbi-olaraq-basladiqlari-ise-4-qoyub-alti-ilde-600-aldilar-video
Mənbə: https://sonxeber.az/388814/hobbi-olaraq-basladiqlari-ise-4-qoyub-alti-ilde-600-aldilar-video



