Həftəsonu yuxu rejimi və diabet riski arasındakı əlaqə müəyyənləşib

Həftəsonu günlərində yuxusuzluq insan sağlamlığına ziyan vura bilər və ikinci növ şəkərli diabetin əlaməti sayılan insulin müqavimətinin yaranma ehtimalını artırır.
Oxu.Az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.
Araşdırmalara əsasən, insulin müqavimətinin qarşısını almaq üçün optimal yuxu müddəti 7 saat 19 dəqiqə təşkil edir. Həddindən artıq az və ya çox yatmaq təxmini qlükoza istifadə əmsalı göstəricisinə (eGDR) mənfi təsir edir. Əlavə analizlər göstərib ki, həftə ərzində normadan az yatan şəxslərin həftəsonları əlavə bir-iki saat yatması daha yüksək qlükoza səviyyəsi ilə bağlıdır.
Həftə içi tövsiyə olunan 7-8 saatlıq yuxudan artıq, həftəsonları isə əlavə iki saatdan çox yatan insanların təxmini qlükoza istifadə əmsalı (eGDR) göstəriciləri daha aşağı olub. Bu isə insulin müqaviməti riskinin artdığını göstərir.
Nəticə etibarilə, mütəxəssislər qeyd edirlər ki, həftəsonları əlavə yuxu mümkündür, lakin müvafiq qədərində olmalı və yalnız iş günlərində yuxusuzluq yaşayan şəxslərə şamil edilməlidir. Həftə içi yetərincə yuxu alan insanlar üçün istirahət günlərində həddindən artıq yatmaq zərərli ola bilər.
Mənbə: https://sonxeber.az/389485/heftesonu-yuxu-rejimi-ve-diabet-riski-arasindaki-elaqe-mueyyenlesib



