Daim neqativ məzmunlu xəbərlər oxumaq insan psixologiyasına necə təsir göstərir? - AÇIQLAMA - Admenasi
Sosial

Daim neqativ məzmunlu xəbərlər oxumaq insan psixologiyasına necə təsir göstərir? – AÇIQLAMA

Rəqəmsal dövrdə insan gün ərzində onlarla, bəzən yüzlərlə xəbərə məruz qalır. Müharibə, iqtisadi çətinliklər, qəzalar, zorakılıq halları – informasiya axını fasiləsiz və çox vaxt neqativ məzmunlu olur.

Sosial şəbəkələr isə bu xəbərləri emosional başlıqlar və görüntülərlə daha təsirli formada təqdim edir.

Bəs bu davamlı informasiya yüklənməsi insan psixologiyasına necə təsir göstərir?

Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:

“İnsan beyni təhlükəni prioritet kimi qəbul edir. Mənfi xəbər gördükdə beyində stress mexanizmi işə düşür, kortizol və adrenalin artır. Real təhlükə olmasa belə, beyin bunu potensial risk kimi dəyərləndirir. Davamlı şəkildə belə informasiyaya məruz qalmaq psixikanı gərgin rejimdə saxlayır.

Uzun müddət neqativ xəbər izləmək ümumi narahatlıq fonunu yüksəldə bilər. İnsan konkret səbəb olmadan daxili gərginlik, həyəcan və “pis nəsə olacaq” hissi yaşaya bilər. Bu hal xroniki stressə çevrildikdə emosional yorğunluq, motivasiya itkisi və hətta depressiv əlamətlər ortaya çıxa bilər.

Digər tərəfdən, psixika özünü qorumaq üçün müəyyən mərhələdən sonra həssaslığı azalda bilər. İnsan çoxlu mənfi informasiya qarşısında laqeydləşir, empati zəifləyir. Bu, müdafiə mexanizmidir, amma uzunmüddətli perspektivdə emosional donuqluq yarada bilər.

Axşam saatlarında və yatmazdan əvvəl neqativ xəbər izləmək yuxu ritmini pozur. Beyin həyəcan vəziyyətində qaldığı üçün rahatlanmaq və dərin yuxuya keçmək çətinləşir.

Sosial şəbəkələrdə həm də müqayisə mexanizmi güclənir. Bir tərəfdə faciə xəbərləri, digər tərəfdə ideal həyat görüntüləri insanın öz reallığını ya həddindən artıq təhlükəli, ya da kifayət qədər uğurlu olmayan kimi qiymətləndirməsinə səbəb ola bilər. Bu isə özünə inamı zəiflədə bilər.

İnformasiyadan tam uzaqlaşmaq real deyil. Amma onun miqdarını və vaxtını idarə etmək mümkündür. Xəbər istehlakı planlı olduqda və insan öz psixoloji sərhədlərini qoruduqda, informasiya maarifləndirici rol oynayır; əks halda isə psixikanı səssiz şəkildə yükləyir”.

Mənbə: https://sonxeber.az/389477/daim-neqativ-mezmunlu-xeberler-oxumaq-insan-psixologiyasina-nece-tesir-gosterir-aciqlama

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button